AZ

Deputat: Gələn ildən sosial yardım məbləği artacaq

BAKI, 5 noyabr. TELEQRAF

Gələn il Dövlət sosial müdafiə fondunun gəlirləri 8 milyard 323 milyon manat olacaq. 1.7 milyard manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait kimi nəzərdə tutulub. Bu o deməkdir ki, fondun gəlirlərinin 20 faizdən çoxu dövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu nisbətən 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə, demək olar, eynidir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, 8 milyard 483 milyon manatlıq xərclərin8 milyard 146 milyon manatı məhz əhaliyə ödənişlər üzrə xərclərdir: “Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manat ayrılacaq. Bu o deməkdir ki, fondun xərclərinin 94.0 faizindən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10 faiz artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağı deməkdir.

Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar 9.2 faiz artırılacaq.

İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266.4 milyon manat olacaq ki, onun da 77.0 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28.0 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10.5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi “Məşğulluq və işsizlikdən sığorta fondu” adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı”.

Vüqar bayramov bildirib ki, gələn ehtiyac meyarının 300 manata çatıdırlması gələn ildən sosial yardım məbləğinin artmasına səbəb olacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq.

Seçilən
48
3
teleqraf.com

9Mənbələr