AZ

Ağdamda, Füzulidə və Xocavənddə bərpa-quruculuq işləri necə gedir, növbəti köçlər nə zaman olacaq? - MÜSAHİBƏ VİDEO

Bakı, 5 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma prosesi uğurla davam etdirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun qurulması və sakinlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında görülən işlər, artıq reallaşan köç prosesi və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Leysan müəllim, Ağdam rayonunun üç kəndində məskunlaşma qeydə alınıb. Yaxın zamanlarda rayonun daha hansı ərazilərinə köç nəzərə tutulur?

- Bəli, hazırda Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində sakinlərimiz məskunlaşıb. Burada onların rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Məktəb, bağça, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi inşa edilib. Hazırda Ağdam rayonunda ümumilikdə 944 ailə, 3 min 818 nəfər sakin məskunlaşıb. Həmçinin Ağdam şəhərinin özündə də tikinti işləri davam edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərində 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq. İkinci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir. Burada 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-ı isə qeyri-yaşayış binalarıdır. Bu məhəllədə 1268 mənzil olacaq. İkinci yaşayış məhəlləsinə isə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq. Eyni zamanda, bildirmək istərdim ki, Ağdam rayonunun Baş Qərvənd kəndində genişmiqyaslı tikinti layihəsi həyata keçirilir. Burada birinci mərhələ üzrə 202 hektar ərazidə 851 fərdi ev tikiləcək. Kənddə artıq tikinti işlərinə başlanıb. Prosesin gələn ilin sonuna yekunlaşması nəzərdə tutulur. Həmçinin Eyvazxanbəyli kəndində də tikinti işlərinə artıq başlanılıb. Birinci mərhələdə burada ümumilikdə 427 fərdi yaşayış evi inşa olunacaq. Bundan əlavə, 13,9 kilometr uzunluğunda kənddaxili yollar salınacaq. Eyvazxanbəyli kəndində də işlərin gələn ilin sonuna yekunlaşması və daha sonra sakinlərin buraya köçü planlaşdırılır.

- Füzuli rayonunda gedən işlərdən də bir qədər danışaq. Bildiyimiz qədərilə Füzuli şəhərində artıq məskunlaşma var. Bəs kəndlərdə necə? İşlər hansı yerdədir?

- Füzuli şəhərində 846 mənzil var ki, onlar da 2, 3 və 4 otaqlıdır. Hazırda Füzuli şəhərində 3 min 141 nəfərdən ibarət 824 ailə yaşayır. Yaşayış binalarının birinci mərtəbələri qeyri-yaşayış obyektləridir ki, bu da müxtəlif təyinat üzrə sakinlərə icarəyə verilib. Şəhərdə marketlər, apteklər, dərzi, bərbər, geyim mağazaları, stomatoloji klinikalar, poçt, müxtəlif dövlət və özəl qurumların ofisləri fəaliyyət göstərir. Füzulidə tikinti və bərpa işləri şəhərlə yanaşı kəndlərdə də davam edir. Hazırda Dövlətyarlı kəndində tikinti işləri aparılır. Kənddə 450 fərdi evin tikintisi nəzərdə tutulur. Həmçinin 360 şagird yerlik tam orta məktəb, 120 yerlik uşaq bağçası, həkim məntəqəsi, eləcə də inzibati və çoxfunksiyalı bina tikilir. Bununla yanaşı, məktəb və bağçalar üçün qazanxana sistemi, transformatorlar və digər mühəndis qurğuların da quraşdırılması nəzərdə tutulur. Rayonun Pirəhmədli kəndində isə şaquli planlama işləri başa çatdırılıb. Tikintiyə başlanılıb, birinci mərhələdə 255 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

-Xocavənd rayonuna da indiyədək köç reallaşıb. Bildiyimizə görə, buradakı evlər bərpa edilərək sakinlər məskunlaşdırılıb. Xocavənd rayonunun köç baş tutan ərazilərində hansı işlər görülüb və rayona növbəti köç nə vaxta planlaşdırılır?

-Xocavənd rayonunun Hadrut və Qırmızıbazar qəsəbəsi, eyni zamanda Sos kəndinə sakinlərin köçü reallaşıb. Burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib, müxtəlif həcmlərdə su anbarları və içməli su şəbəkəsi təmir edilib. İctimai obyektlərin bərpası çərçivəsində isə market və restoran binası bərpa edilərək fəaliyyətə başlayıb. Həmçinin qaz və su şəbəkələri təmir edilib. Ümumilikdə isə Xocavənd rayonunda hazırda 59 ailə, 223 sakin yaşayır. Bu ay isə Xocavənd rayonuna keçmiş məcburi köçkünlərin növbəti qayıdışı planlaşdırılır.

Seçilən
7
1
azertag.az

2Mənbələr