AZ

Vaxtında verilən donorluq qərarı bir gəncin həyatını xilas etdi

Bu günlərdə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürək transplantasiyası yüksək peşəkarlıqla icra olunub. Bu, Azərbaycan səhiyyə sisteminin tarixi uğurudur.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, əməliyyata rəhbərlik edən həkimlər düzgün koordinasiyası sayəsində, eyni zamanda dəqiq diaqnostika və yüksək texnoloji imkanlarla prosesi təhlükəsiz şəkildə idarə etdilər:

“Xüsusilə nazirliyin Koordinasiya Mərkəzi, donor və qəbul edən xəstəxanalar, logistika və reanimasiya komandaları arasında vaxtın düzgün idarə edilməsi və informasiya axınının qüsursuzluğu əməliyyatın taleyini müəyyən edib. Bu inteqrasiya olunmuş koordinasiya sayəsində 19 yaşlı bir gəncin həyatı xilas olunub”.

Yeganə Abbasova donor ailəsinin göstərdiyi insanpərvərlik və yüksək humanizm addımını xüsusən vurğulayaraq qeyd edib ki, bu nəcib təşəbbüs minlərlə insan üçün ümid mənbəyidir:

“Həkimlər və tibb personalı donor ailəsinə dərin minnətdarlığını bildirir, bu fədakarlığın dəyərini xüsusi vurğulayırlar. Cəmiyyətimizi orqan donorluğu barədə daha çox məlumatlanmağa və məsuliyyətli qərarlar verməyə çağırırıq. Unutmayaq ki, donorluq haqqında vaxtında verilən qərar sabah kimin üçünsə həyat deməkdir”.

Seçilən
11
1
musavat.com

2Mənbələr