AZ

Görən pul güclüdür, yoxsa daydayı? KÖŞƏ

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son vaxtlar keçmiş məmurların, xüsusilə də Ramiz Mehdiyevin 34 milyard manatlıq əmlakı, Əli Həsənovun 8 milyard manatlıq, Abel Məhərrəmovun 13 milyrad manatlıq, keçmiş nazirlərdən Fazil Məmmədovun 21 milyard, Səlim Müslümovun 27 milyard. Vasif Talıbovun 26 milyard manatlıq və digər keçmiş vəzifə mənsublarının gözqamaşdıran var-dövlətinin siyahısı ilə tanış olandan sonra özümdən şübhələnməyə başlamışam. Birincisi, öz-özümə söylənmişəm ki, mən çox fərsizəm, ikincisi bacarıqsızam. Nəhayət, o qənaətə gəlmişəm ki, bu ölkə əhalisinin böyük hissəsı elə mənim günümdədir. Yəni fərsiz və bacarıqsızdılar. Pulu necə və hansı formada talan etmək haqqında araşdırmalar aparmağa vaxtım olmasa da, gəldiyim fikir ondan ibarətdir ki, pul qazanmaq üçün gərəkdir ki, daydayın olsun. Səbəbsiz yerə el arasında deyilməyib ki, bir milyon manatın olmasa da olar, əsas odur ki, daydayın olsun. İş yoldaşlarımdan biri ilə söhbətində isə o məni inandırmağa çalışdı ki, "Azərbaycan reallığında əsas vasitə puldur, pul olsa daydayı özü səni axtarıb tapacaq." Nə isə, dostumuzn yanaşması belədir, ancaq elimizdə, obamızda bir məsəl də var, deyirlər ki, "filankəsin gözü ayağının altını görmür". Ya da söyləyirlər ki, "filankəs qudurub". Səbəb nədir, niyə insan qudurur və ya gözü ayağının altını görmür? Araşdıranda məlum olur ki, xəta pulun çox olmasından və ya vəzifənin yüksək dozasından yaranır. Elə ona görə də insanlar atmaca atandan sonra həmin atmacanın şərhini də verib, deyirlər ki, filankəs o qədər varlanıb və vəzifə kreslosunda şişib ki, qohum-əqrəbanı saymır, dost-tanışa da salam-kəlam vermir. Adət edilən və tez-tez təkrarlanan fikirdə ondan ibarətdir ki, "mənim pulum və ya vəzifəm olsa filankəs kimi harın və qudurğan olmaram". Başqa birisi də deyir ki, "pulum olsa kasıblara, fağırlara əl tutub yardım edərəm". Üçüncüsü isə deyir ki, çoxlu varım-dövlətim olsa, məscidlər tikərəm, yollar salaram, insanların sosial-məişət problemlərini həll edərəm. Diqqətçəkən xəyallarını, arzularını dilə gətirənlər də olur: Məsələn, "Pulum olsa filan şeyi alaram, filan şeyi edərəm və qohumlarımı yandıraram". Bəzən xoruzlanıb, yekə-yekə danışanlarda olur: "Pul, para xoşbəxtlik gətirmir", "xoşbəxtliyi pulla almaq olmaz". Ancaq və lakin bir həqiqət var ki, müasir dövrün yarıtmaz və əcaib tələbləri mövcuddur. Pul olmadan həyatda yaşamaq, sağlam ömür sürmək mümkün deyil. Pul olmadan mağazadan 40 qəpiklik çörəyi almaq evində sadə süfrə açmaq çətindir. İndi orta əsrlər deyil ki, məhsuların dəyişdirilməsi, yəni mübadilə edilməsi həyata keçirilsin. Məlum faktdır ki, əcdadlarımız öz tələbatından artıq qalan qida məhsullarını başqa şəxslərin istehsal etdikləri və ya hazırladıqları digər məhsullarla dəyişdirmək yolu ilə mübadilə etmişlər. İndiki müasir dövr isə alqı-satqı əməliyyatlarını nağd və ya kart vasitəsi ilə edilməsini tələb edir. Pulun varsa kefin kök, damağın çağdır, yoxdursa vay sənin halına. Pulun olmadan sərnişin avtobusuna minməyə cəhd etsən, sürücü sənin sinəndən yumruqla vurub, çölə atar. Metroda dəmir keçid sənə metroya minməyinə əngələ yaradar. Hələ o yekə-yekə işləri demirəm, onları ki, pulun olmasa ev tikmək, yurd salmaq, oğul evləndirmək, qız köçürmək və digər pula bağlı məsələləri həll etmək çətin və müşkül məsələdir.

Bəli, müasir dövrün maddi, sosial və mədəni maraqlarını əhatə edən pul bəşər övladları üçün yaşayış mənbəyi olub və yəqin ki, dünya durduqca belə davam edəcək. Məxluqlar olacaq ki, var dövlət əldə etmək, vəzifə pillələrində yüksəlmək üçün ağılasığmaz vasitə və üsullardan istifadə edəcək, onlarla insanın haqqına girəcək, hüquqların tapdalayacaq, mənən yaralamaqdan, cismən öldürməkdən çəkinməyəcək.

Pulla bağlı cəmiyyətin mövqeyinin öyrənmək üçün sosial şəbəkələrə də nəzər yetirdim. Məlum oldu ki, əmmaməli mollaların şinelindən çıxan elə ünsürlər var ki, onlar özlərini hər kəsdən ağıllı göstərməyə çalışır, pulu, var dövləti necə əldə etməyin, qazanmağın yollarını "göstərirlər". Məsələn, yazırlar: "Evdən çıxmadan pul qazanmağın 39 real yolu", "Kiçik sərmayə ilə hansı biznesi qurmaq olar? , "Varlanmağımıza mane olan 10 vərdiş.", "Az pulla hansı işi qurmaq olar? Və sair və ilaxır "ağıllı məsləhətlər". Halbuki, bu məsləhətlərlə çıxış edənlərin özləri ac yalavac gündə yaşayırlar.

Belə, pul vacibdir, lakin əsas deyil. Vacib olanı şərəfimiz, ləyaqətimiz, sağlamlığımız və yaxınlarımızdır. Allah şərəfimizi, ləyaqətimizi, sağlamlığımızı əlimizdən almasın, əzizlərimizi bizdən məhrum etməsin.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
sia.az

3Mənbələr