AZ

Avropa İttifaqı türk qəhvəsini ənənəvi məhsul kimi qeydiyyata alıb

Avropa İttifaqı türk qəhvəsini ənənəvi məhsul kimi qeydiyyata alıb

Türk qəhvəsi Avropa İttifaqında TSG (Traditional Speciality Guaranteed – zəmanət verilmiş ənənəvi məhsul) statusu qazanıb.

AFN.az xəbər verir ki, bu, Türkiyədən Aİ-də TSG siyahısına düşən ilk məhsuldur.

Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, qeydiyyat 5 noyabrda Aİ-nin rəsmi qəzetində təsdiqlənib və üç ay ərzində etiraz gəlmədiyi halda son mərhələdə qüvvəyə minəcək.

“Üç aylıq müddət bitdikdən sonra türk qəhvəsi Aİ-də qeydiyyatdan keçən ilk ənənəvi türk məhsulu adını alacaq. Türk qəhvəsi mədəniyyətimizin ən önəmli simvollarından biridir. O, həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Tarixi 500 ildən çoxdur və bu, sadəcə içki deyil, həm də qonaqpərvərlik, ünsiyyət və dostluğun simvoludur”, – deyə palatanın açıqlamasında bildirilib.

TSG statusu məhsulun ənənəvi xüsusiyyətlərini – hazırlanma üsulu və tərkibini – coğrafi bölgəyə bağlı olmadan qoruyur. Bu qeydiyyat məhsulu saxtalaşdırmadan və məqsədsiz istifadədən müdafiə edir.

Bundan əlavə, Türkiyənin təxminən 40 məhsulu əvvəllər PGI (Protected Geographical Indication – qorunan coğrafi göstərici) sertifikatı alıb. PGI statusu məhsulun adı ilə müəyyən coğrafi region arasında əlaqəni təmin edir. Son zamanlar bu siyahıya Hatay çörəyi (kaytaz) və Gaziantep lahmacunu daxil edilib. Həmin qərarlar da Aİ-nin rəsmi qəzetində çərşənbə günü dərc olunub.

Seçilən
32
afn.az

1Mənbələr