AZ

8 noyabr: “Zəfərin yekunu həmin gün vuruldu”

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğaldan azad edilməsinin 5 illiyi ərəfəsindəyik.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu 8 noyabr 2020-ci ildə Şuşanı erməni işğalından azad etdi. 

Bu tarixi nəticədə sayəsində Ermənistan ordusu təslim oldu. 44 günlük Vətən müharibəsində ordusu darmadağın olan Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atdı.

Əslində, Şuşa Zəfərinə gedən yol olduqca uzun idi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşasız bizim işimizin yarımçıq qalacağını deyirdi. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli Ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi:

“Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu, dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. 

Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Şuşanın işğaldan azad edilməsi tarixi hadisə idi:

“44 günlük Vətən müharibəsi dönəmində hamı intizarla Şuşanın işğaldan azad edilməsi xəbərini gözləyirdi. Qələbəmiz də məhz Şuşaya doğru gedirdi. Demək olar ki, Prezident İlham Əliyev müharibənin davam etdiyi hər gün yeni ərazilərin işğaldan azad olunmasının xəbərini verirdi. 

Lakin hamı həsrətlə Prezidentdən Şuşa ilə bağlı müjdəni gözləyirdi. Düşmən də heç bir halda Şuşanı əldən vermək istəmirdi. Hətta ermənilər Şuşanı “alınmaz qala” adlandırırdılar. Şükürlər olsun ki, 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu Şuşanı da işğaldan azad etməyi bacardı. Prezident İlham Əliyev də qürurla bu tarixi xəbəri vətəndaşlara çatdırdı”.

Partiya sədri qeyd edib ki, Şuşanın azad olunması Azərbaycanın hər yerində böyük coşğu ilə qarşılandı:

“Mən həmin vaxt Qarabağ Azadlıq Təşkilatının (QAT) heyəti ilə Ağdamda şəhid yasında iştirak edirdim. Orada kədərli halda olan insanların içərisindən birdən kimsə, Prezidentin Şuşanın işğaldan azad edildiyini açıqladığını dedi. Bu xəbər yas məclisində belə böyük sevinclə qarşılandı”.

Siyasətçi vurğulayıb ki, Qarabağın simvoluna çevrilən Şuşanın əhəmiyyəti çox böyükdür:

“Şuşanın azad edilməsi həm də siyasi və hərbi uğur idi. Bu əməliyyat dünya ölkələrində hərbi dərsliklərə salındı.Yəni Şuşanın işğaldan azad olunması heç nə ilə müqayisə olunmayan bir hadisə idi. Həqiqətən də Şuşanın işğaldan azad olunması Zəfər Günümüz olmalı idi. Çünki tarixi zəfərin yekunu həmin gün vuruldu”.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Şuşa Akif Nağı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr