AZ

"Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq"

Futzal millimiz 6-cı İslam Həmrəyliyi Oyunlarında üz-üzə gəldiyi Liviya yığmasından beynəlxalq oyun təcrübəsi baxımından geri qalıb.

"Football-plus.az" xəbər verir ki, bunu yığma üzvü Kənan Manafov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib. O, rəqibin təcrübəli olduğunu bildirib:
"Güclü rəqiblə qarşılaşdıq. Dünya çempionatına vəsiqə qazanmış və təcrübəli futzalçılardan qurulan komandadı. Bizim heyətdə yer alanların əksəriyyəti gənclərdir və beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq. İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi də qısa zaman kəsiyində oldu. Bunlar oyundan öncəki durum idi. Meydanda isə əzmkar, istəkli, sona qədər mübarizə aparan bir kollektiv olduq. Döyüşkənliyimizin nəticəsi kimi sonda qələbə və 3 xal qazandıq".

Manafov növbəti rəqib haqda da danışıb:
"Növbəti oyunda Özbəkistan millisi ilə qarşılaşacağıq. Rəqibimiz turnirin favoritlərindən hesab edilir. Səudiyyə Ərəbistanı ilə görüşlərini izlədik. Liviyadan daha güclü kollektivdi. Çətin olacaq, ancaq mübarizəni sona qədər davam etdirəcəyik. Qazanılan hər qələbə və xal özünəinamı artırır".

Hücumçu millinin qarşısına qoyulan ilkin tapşırığı da açıqlayıb:
"Komandanın hədəfləri var. İlkin tapşırıq qrup mərhələsindən yarımfinala yüksəlməkdi. Addım-addım hədəfə doğru irəliləyəcəyik".

O, təşkilatçılığın yüksək olduğunu qeyd edib:
"İndiyə qədər hansısa problemlə qarşılaşmamışıq. İstər qaldığımız Olimpiya kəndindəki şərait, istər qidalanma ilə bağlı vəziyyət, istərsə də oyun və məşq zalları mükəmməldir. Rəhbərlik də daim komandanın yanındadı. Qalır qarşıya qoyulan tapşırığı yerinə yetirmək, Bakıya medalla qayıtmaq".

Xatırladaq ki, millimiz A qrupunda üz-üzə gəldiyi Liviyaya 5:4 hesabı ilə qalib gəlib.
Seçilən
12
3
football-plus.az

6Mənbələr