AZ

“Qarabağ” üçün növbəti həqiqət anı - YENİLƏNİR

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində çıxışını davam etdirir. Ağdamlılar bu gündaha bir önəmli oyuna çıxacaq. 4-cü turun oyununda rəqib "Çelsi"di. İngiltərə nəhəngiylə matçda azı bir xal uğrunda mübarizə aparacaq "Qarabağ" bu mərhələni ilk "24-lük"də bitirmək şansını artırmağa çalışacaq.

"Football-plus.az" xəbər verir ki, "Tofiq Bəhramov"da saat 21.45-də başlayacaq qarşılaşma "CBC Sport"un efirində canlı yayınlanacaq.

Çempionlar Liqası
liqa mərhələsi, 4-cü tur
Qarabağ - Çelsi (İngiltərə)

Hakimlər: SEBASTYAN QİSHAMER, Roland Riedel, Santino Şreyner, Valter Altmann (hamısı Avstriya).
VAR hakimi: Manuel Şuettenqruber (Avstriya).
VAR hakiminin köməkçisi: Josef Spurny (Avstriya).
5 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.

Çempionlar Liqasında yeni mövsümə möhtəşəm başlayan "Qarabağ" Bilbaoda "Atletik"ə uduzmaqla Azərbaycan futbol ictimaiyyətini üzdü. Amma buna görə "köhlən atlar"ı çarmıxa çəkmək lazım deyil. Hər halda, Ağdam təmsilçisi Lissabonda "Benfika"nı, Bakıda "Kopenhagen"i diz çökdürməklə 6 xal toplamağı bacarıb və bununla əsas mərhələni ilk "24-lük"də bitirmək ehtimalını qüvvədə saxlayır. O başqa məsələ ki, ehtiyatda olan xallar sonda hədəf üçün yetərli olmaya bilər. Belədə qalan oyunlarda da müəyyən sərfəli nəticələr qazanmaq lazım gəlir ki,şirin xəyalla bağlı ümidlər yaşamağa davam etsin. Bəs buna nail olmaq mümkündü? Etiraf edək ki, "Qarabağ" avrokuboklar tarixində qazandığı xeyli sürpriz qələbə ilə azarkeşləri qürurlandırdığından bu gün istənilən rəqiblə oyuna azı bir xal gözüylə baxmaq imkanına malikik. Lakin söhbət "Çelsi" kimi rəqibdən gedirsə, faydalı iş əmsalını artırmaqla yanaşı, daha az səhv etməyə məcburuq. Və təəssüf ki, "köhlən atlar" "Kopanhagen" üzərində qazanılan qələbədən sonra özünə oxşamamağa başlayıb. Komandanın oyun tərzində hiss edilən çatışmazlıqlar ortaya çıxıb. Həm hücum, həm də müdafiə planında geriləmənin hiss olunduğu komandanın daha bir sürprizə imza atıb-atmayacağı dəqiq deyil. O bəllidi ki, oyun günü zədəli olan Musa Qurbanlıdan başqa bütün futbolçular baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. Bununla belə, komanda bu gün premyer-liqada lider deyil, Çempionlar Liqasında isə 36 komanda arasında 13-cü pillədədi. "Çelsi" hanı? 11-ci sırada. İlk turda "Bavariya"ya (Almaniya) uduzan komanda ardından "Benfika"nı (Portuqaliya) 1:0, "Ayaks"ı (Niderland) 5:1 hesabıyla məğlub edib. Ancaq London təmsilçisinin indiki mövqeyinden razı qaldığını deyə bilmərik.

Hər halda, söhbət tarixində 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə Avropa Liqasının, 1 dəfə Konfrans Liqasının, 2 dəfə klublararası dünya çempionatının qalibi olan komandadan gedir. O başqa məsələ ki, bu gün "Çelsi" öz ölkəsində istədiyi kimi at oynada bilmir. 10 turdan sonra 6-cı sırada qərarlaşan londonluların cəmi 17 xalı var. Ancaq bu fakt reallığı dəyişmir: "Qarabağ"ın rəqibinin "transfermarkt"dakı bazar dəyəri nə az, nə çox - 1,14 milyard avrodu! Bununla belə, qonaqlarımızın heyətində zədəlilər var. Bunlar Levi Koluill, Benua Badyaşil, Reys Ceyms, Dario Essuqo və Koul Palmerdi. "Çelsi"nin baş məşqçisi Entso Mareskadı. 45 yaşlı italiyalı ötən ilin yayından bu vəzifəni icra edir.

Bu gün axşam saatlarında Bakıya gələcək “zadəganlar” "Hilton" otelində qalacaq. 800 azarkeşiylə birgə "Tofiq Bəhramov"da olacaq London nəhəngi özüylə 26 media nümayəndəsi də gətirəcək.

İndi təkcə oynamaq, dəqiqi, sona qədər döyüşmək və "Çelsi"dən xal qoparmaq qalıb!

KƏNAN BAHADIR

Seçilən
8
1
football-plus.az

2Mənbələr