AZ

Stress bədəni necə dəyişdirir? - ARAŞDIRMA

İnsan hər gün görünməyən, amma bədəni içəridən dəyişdirən bir qüvvə ilə qarşılaşır — stress ilə. Stress çox zaman “narahatlıq”, “gərginlik” və ya “kədər” kimi təsvir edilir, lakin əslində o, bədənin təhlükə siqnalına verdiyi cavabdır. Hətta təhlükə real olmasa belə, beyin onu real qəbul edir və bədəni müdafiə vəziyyətinə keçirir. Bu zaman ürək döyüntüsü artır, nəfəs sürətlənir, əzələlər gərilir, hormonlar yüksəlir.

Əgər insan bu vəziyyətdə qısa müddət qalırsa, stress faydalı ola bilər — o, güc, diqqət və reaksiya sürəti verir. Lakin günlərlə, aylarla və illərlə davam edən stress artıq bədən üçün yükə çevrilir. Çünki bədən daimi “döyüşə hazır” vəziyyətdə qalır və bu, orqanların yorulmasına, hormonların pozulmasına, yuxusuzluğa, dəri problemlərinə və hətta xəstəliklərə səbəb olur. Yəni stress təkcə emosional problem deyil — fiziki dəyişikliklərin başlanğıcıdır.

Stress beyində necə yaranır?

Beyin ilk növbədə vəziyyəti təhlükəli və ya təhlükəsiz kimi qiymətləndirir. Əgər beyin narahatlıq hiss edirsə:

Hipotalamus aktivləşir

Bədənə kortizol və adrenalin hormonlarının artırılması əmri gedir

Bütün sistemlər “hazırlıq vəziyyətinə” keçir

Bu hormonlar qısa müddətdə insana güc verir, lakin uzun müddətdə onları yüksək saxlamaq beynin yaddaş və emosional idarəetmə mərkəzlərini zəiflədir. Bu zaman insan: diqqətini toplamaqda çətinlik çəkir, qərar verməkdə tərəddüd edir, kiçik problemlərə emosional reaksiya göstərir.

Stress ürək və qan dövranına necə təsir edir?

Stress zamanı bədən sanki qaçmağa və ya döyüşməyə hazırlaşır. Buna görə: Ürək daha sürətli döyünür, qan təzyiqi yüksəlir, qan damarları daralır, əgər bu vəziyyət tez-tez təkrarlanarsa: xroniki təzyiq yüksəlməsi, damar elastikliyinin itməsi, ürək yüklənməsi baş verir.

Uzunmüddətli stress ürək-damar xəstəliklərinin əsas risk faktorlarından biridir.

Stress nəfəs və enerji sistemini necə dəyişdirir?

Stress zamanı nəfəs dərinləşmir, əksinə sürətlənir və səthi olur. Bu, beyinə və əzələlərə oksigenin tam çatmamasına səbəb olur. Nəticədə insan: tez yorulur, tez əsəbiləşir, “bədənimdə güc qalmadı” hissi yaşayır. Bu enerji çatışmazlığının səbəbi əslində psixoloji deyil — bioloji prosesdir.

Həzm sisteminə təsiri...

Bəli, çox. Çünki bədən döyüş vəziyyətində olanda həzm sistemi ikinci plana keçir. Bu zaman: mədə turşusu artır, bağırsaq hərəkətləri pozulur, iştah azalır və ya əksinə, emosional yemək başlayır. Həkimlərin qeyd etdiyi “stress mədəsi” məhz buradan yaranır.

Stress immun sistemini zəiflədir?

Davamlı stress zamanı kortizolun yüksək qalması immun hüceyrələri zəiflədir. Nəticə: Soyuqdəymə və infeksiyalar daha tez baş verir, yaralar gec sağalır, dəri daha tez iltihab olur. Bu səbəbdən stress keçirdikdə çoxları sızanaq, qaşınma və allergiya yaşayır.

Stress bədəndə xarici görünüşü necə dəyişdirir?

Stress yalnız hiss olunan psixoloji vəziyyət deyil — o, üz cizgilərini, dərini, saçları və bədən duruşunu dəyişdirən fiziki reaksiyadır. Sağlam dəri üçün kollagen və elastin vacibdir. Lakin kortizol (stress hormonu) uzun müddət yüksək qaldıqda kollagen istehsalı azalır. Bu zaman: üz solğunlaşır, göz altı kölgələr tündləşir, dəri öz parıltısını itirir, sızanaqlar artır, üzdə xırda qırışlar daha tez görünməyə başlayır, dəri bədəni içəridən oxuyan aynadır — stress gizlənmir, üzə çıxır.

Saçlar da bu prosesin təsirindədir: Stress saç follikullarının qidalanmasını azaldır, saç kökləri zəifləyir, saç tökülməsi və nazikləşmə başlayır. Bəzən insan saç tökülməsinin səbəbini şampunda axtarır, amma problem çox vaxt psixoloji və hormonaldır.

Stress insanın yemək davranışını necə dəyişdirir?

Bədən stress altında olarkən iki fərqli yemək modeli ortaya çıxa bilər:

1. İştahanın azalması - Bədən təhlükə siqnalı aldığı üçün yeməyi ikinci plana atır. Çünki beyin “bu anda sağ qalmaq vacibdir” deyə düşünür.

2. Həddindən artıq yemək (emosional yemək) - Digər insanlarda isə əksinə, beyin qısa müddətli rahatlama üçün şəkər və yağlı qidalar istəyir — çünki onlar dopamin artırır.
Bu, müvəqqəti rahatlıq – sonra peşmanlıq döngüsü yaradır. Bu səbəbdən bir çox insan stress zamanı: şirniyyata həvəs göstərir, gecə yeməyə başlayır, çox yeməyin ardınca özünü günahlandırır. Davamlı şəkildə bu vəziyyət çəki artımına və ya tam əksinə, sağlam çəkinin itirilməsinə səbəb ola bilər.

Stressin emosional təsirləri...

Stress beynin emosional mərkəzi olan amigdalanı gücləndirir, mühakimə və qərarvermə mərkəzi olan prefrontal korteksin fəaliyyətini isə zəiflədir. Bu səbəbdən insan: Daha tez inciyir, daha tez əsəbləşir, kiçik şeyləri böyük problem kimi görür, özünü idarə etməkdə çətinlik çəkir, sosial münasibətlərdə geri çəkilir. Stress həmçinin: özünəinamı azaldır, motivasiyanı zəiflədir, böyük işləri başlamağı çətinləşdirir. İnsan düşünür ki, “Çalışıram, amma heç nəyə gücüm çatmır”. Əslində, bədən yorulmayıb — beyin yorulub.

Stress uşaqlarda və yeniyetmələrdə necə özünü göstərir?

Stress böyüklərdə ən çox: əsəbilik, yorğunluq, susqunluq, şəklində görünürsə, uşaqlarda və yeniyetmələrdə tam fərqli şəkildə ortaya çıxır. Uşaqlarda:

yuxuda qorxular, yersiz ağlama, mədə ağrıları, diş sıxma, evin içində aqressiya və ya tam sakitlik.

Yeniyetmələrdə: qapanma, telefon və internetə qaçış, özünü ifadə etmədə çətinlik, özünə dəyər hissinin azalması, uşağın davranışı bəzən “xasiyyət” kimi görünür, amma çox vaxt o, danışa bilmədiyi stressi bədəni ilə göstərir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
16
1
sia.az

2Mənbələr