AZ

Varlıların daha çox vergi ödəməsini istəyən - Nyu-York meri kimdir?

Məlum olduğu kimi, ABŞ-də Demokratlar Partiyasının nümayəndəsi Zohran Mamdani seçkilərdə qalib gələrək Nyu-Yorkun meri seçilib. 34 yaşlı Mamdani 2026-cı ilin yanvarında vəzifəsinin icrasına başlayacaq və bununla da şəhər tarixində ilk müsəlman mer olacaq. O həmçinin son yüz il ərzində Nyu-Yorka rəhbərlik edən ən gənc mer kimi tarixə düşəcək.

FED.az Qafqazinfo-ya istinadən xəbər evrir ki, Mamdani hələ 2024-cü ilin oktyabrında ABŞ-nin ən böyük şəhərinin rəhbəri postuna namizədliyini irəli sürmək istəyini bəyan etdikdə çoxu onun uğuruna inanmırdı. Bununla belə, o, geridə qalan müddət ərzində ətrafına çox sayda tərəfdar toplaya bilib.

“Qafqazinfo” xəbər verir ki, bu məqamda mühacir köklərinə malik gənc siyasətçinin kimliyi və hansı vədlərlə seçicilərin rəğbətini qazanması maraq doğurur.

Belə ki, Z.Mamdani 1991-ci ildə Uqandada hindli ailəsində dünyaya gəlib. Onun anası Mira Nair tanınmış hind-amerikalı kinorejissor, atası Mahmud Mamdani isə hindəsilli uqandalı alimdir. Siyasətçinin 5 yaşı olduqda ailə Uqandadan Cənubi Afrikaya, 2 il sonra isə Nyu-Yorka köçüb. 2018-ci ildə ABŞ vətəndaşlığı alan Zohran 2025-ci ilin əvvəlində Suriya əsilli rəssam Rama Cuvaci ilə ailə qurub.

Siyasi fəaliyyətlə 2015-ci ildə məşğul olmağa başlayan Mamdani 2020-ci ildə ilk dəfə ştatın qanunverici orqanına seçilib. Yuxarıda qeyd etdiyimiz kimi, gənc siyasətçi 2024-cü ilin oktyabrında mer seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edəndə çoxları onun Demokratlar Partiyasının namizədi olmaq şansının sıfıra bərabər olduğunu hesab edirdilər. Lakin o, 2025-ci ilin yayında partiyanın ilkin səsverməsində (praymeriz) rekord sayda (56,4%) səs toplayaraq sensasion qələbə qazanıb. Bu zaman ona məğlub olan Nyu-York ştatının eks-qubernatoru Endryu Kuomo isə müstəqil namizəd olaraq seçkidə iştirak etməli olub.

Mamdani siyasi karyerasına başlamazdan əvvəl aztəminatlı insanlara kömək etməklə məşğul olub. Ekspertlərin fikrincə, onun mer postuna seçilməsini təmin edən əsas cəhətlərdən biri də bu kimi fəaliyyətləri olub.

Belə ki, Mamdani əsas olaraq varlılar üçün vergilərin artırılması ideyasını dəstəkləyir və 2030-cu ilə qədər əməkhaqqının saatda 16,50 dollardan 30 dollara qədər artırılması tərəfdarıdır. 

O həmçinin şəhər sakinlərini ödənişsiz məktəbəqədər təhsillə təmin etmək və Nyu-Yorkda tədricən avtobuslarda gedişhaqqının pulsuz olmasını tətbiq etmək istəyir.

Bununla yanaşı, Z.Mamdani seçkiqabağı kampaniyası zamanı şəhərin hər bölgəsində bələdiyyə mağazaları açmağı, avtobusları daha sürətli və ödənişsiz etməyi, 5 yaşa qədər uşaqlar üçün məktəbəqədər təhsili pulsuz həyata keçirməyi, eləcə də mənzillərlə bağlı sabit kirayəhaqqının tətbiq edilməsini vəd edib. Belə ki, ev sahibləri kirayəhaqqını tənzimləyici tərəfindən müəyyən edilmiş limitdən yuxarı qaldıra bilməzlər. Bunun isə təqribən 1 milyon mənzili əhatə edəcəyi planlaşdırılır.

“The New York Times” qəzetinin hesablamalarına görə, Mamdaninin seçkiqabağı vədlərinin həyata keçirilməsi şəhər xəzinəsinə ildə təqribən 7 milyard dollara başa gələcək. Siyasətçi isə böyük şirkətlər və varlı sakinlər üçün vergilərin artırılması hesabına şəhər xəzinəsinə 9 milyard dollar cəlb etmək niyyətindədir. Onu da bildirək ki, Nyu-York ştatının qubernatoru Keti Hokul Mamdaninin namizədliyini dəstəkləsə də, vergilərin artırılmasının əleyhinə çıxış edir. Qəzet həmçinin yazır ki, sabit kirayəhaqlarının tətbiq edilməsi evlərin bazar qiymətlərini artıra bilər.

Bütün bunlarla yanaşı, Mamdanini tənqid edənlər də az deyil. Onu tənqid edən şəxslər arasında ilk sırada isə ölkə Prezidenti Donald Tramp var. Nyu-Yorkda doğulan və böyüyən Tramp hələ seçkidən əvvəl “Truth Social” hesabında onunla bağlı paylaşım edərək Mamdaninin qələbə qazanması halında Nyu-Yorkun federal maliyyələşməsinin dayandırılması ilə hədələyib.

Mamdani özü isə şəhərin rifahı naminə Trampla əməkdaşlıq etməyə cəhd edəcəyini, lakin onu qorxutmasına icazə verməyəcəyini demişdi.

Eyni zamanda, Mamdani artıq uzun müddətdir fələstinlilərə öz dəstəyini ifadə edir. Bir çoxları İsraildən kənarda ən böyük yəhudi diasporuna malik bir şəhərə məhz Fələstinyönümlü şəxsin rəhbər seçilməsini problem kimi xarakterizə edib. Lakin Nyu-Yorkda yaşayan heç də bütün yəhudilər bu fikri dəstəkləmir, hətta onlardan bir çoxu seçkidə Mamdanini dəstəklədiyini bildiriblər. D.Tramp isə öz növbəsində sosialist siyasətçiyə səs verən yəhudiləri tənqid edib.

Mamdaninin postunu təhvil almasından sonra D.Trampla münasibətləri ABŞ siyasi arenasında yeni “döyüş meydanı”nın yaranması ehtimalını artırır. 

VarlılarınVarlıların
Seçilən
0
1
fed.az

2Mənbələr