AZ

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Qarabağın Dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-dən 12-dək Heydər Əliyev Beynəlxalq Aeroportunda Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağın Dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 25 fotodan ibarət sərgi hava limanının 1-ci terminalının gediş və gəliş zonalarıda təşkil edilib.

Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında təşkil olunan sərginin keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlı həm ölkə ictimaiyyətini, həm də ölkəmizə gələn xarici qonaqları məlumatlandırmaq, gündən-günə dirçələn və inkişaf edən doğma Qarabağın yeni simasını fotoşəkillər vasitəsilə əyani şəkildə göstərməkdir.

İşğaldan azad edilmiş ərazilərdə çəkilmiş fotoşəkillərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası, tarixi-mədəni irsin bərpası və sosial infrastrukturun inkişafı öz əksini tapıb. Eyni zamanda, sərgidə Qarabağın zəngin təbiəti və nadir flora-faunasına dair materiallar da xüsusi yer tutur.

Heydər Əliyev Beynəlxalq Aeroportunda nümayiş olunan sərgi daha sonra Bakının iri ticarət mərkəzlərində və bir neçə digər məkanda təşkil ediləcək.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu yarandığı gündən bəri Qarabağla bağlı həqiqətlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı maarifləndirmə və zəruri təşviqat işləri həyata keçirməkdədir.

Seçilən
6
5
azertag.az

6Mənbələr