AZ

Son günlər şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb - RƏSMİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində mənşəyi məlum olmayan ət məhsullarının istifadəsinə qarşı nəzarəti gücləndirib.

Bu barədə AQTA məlumat yayıb.

Son günlər agentlik tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb.

Qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bununla bağlı AQTA tərəfindən ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb.

Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür.

Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.
Seçilən
10
33
7news.az

10Mənbələr