AZ

Almaniyada terror aktı planlaşdırmaqda şübhəli bilinən Əfqanıstan vətəndaşı saxlanılıb

Berlin, 5 noyabr, AZƏRTAC

Almaniyanın Federal Baş Prokurorluğu Əfqanıstan vətəndaşının Ali Məhkəmə tərəfindən verilmiş həbs orderinə əsasən, Danimarkanın Orhus şəhərində saxlanıldığını açıqlayıb.

AZƏRTAC Federal Baş Prokurorluğun saytına istinadla xəbər verir ki, əməliyyat Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidməti əməkdaşlarının iştirakı ilə keçirilib.

Tavab M. adlı əfqan vətəndaşı Almaniya Cinayət Məcəlləsinə əsasən, qəsdən adam öldürməyə cəhddə iştirakda şübhəli bilinir.

İstintaq materiallarına əsasən, Tavab M. uzun müddətdir Danimarkada silah-sursat və partlayıcı qurğular üçün texniki vasitələrin əldə edilməsi ilə məşğul olub. O, hazırda ayrıca istintaqa cəlb olunan və başqa bir ölkənin xüsusi xidmət orqanı üçün işlədiyi ehtimal edilən Ali S. adlı şəxs ilə bu ilin mayından etibarən əlaqə saxlayıb. Mayın sonunda Tavab M. Orhus şəhərində Ali S.-ə tanımadığı üçüncü şəxs üçün silah təşkil edəcəyini və onu Almaniyada yəhudilərə məxsus obyektlərə qarşı hücum törətməyə razı salacağını bildirib.

Federal Baş Prokurorluğun məlumatına əsasən, Tavab M. Danimarkadan Almaniyaya təhvil verildikdən sonra istintaqa cəlb olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
37
3
azertag.az

4Mənbələr