AZ

Azərbaycan xalqı şanlı Zəfərlə əbədi fəxr edəcək

2020-ci il sentyabrın 27-də səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terorrçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu.  Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Qırx dörd gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.

 Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin məntiqi nəticəsi kimi bu Zəfəri rəsmiləşdirən 2020-ci il 10 noyabr Bəyanatı imzalandı. Bu, Ermənistanın kapitulyasiyası idi. Üçtərəfli Bəyanat uzun illər davam edən münaqişəyə son qoydu və bu sənədə uyğun olaraq, münaqişənin hərbi mərhələsi başa çatdı. Qırx dörd gün davam edən müharibədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, və nəhayət, Şuşa şəhəri işğaldan azad edildi.  Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana qaytarıldı. Bununla da Azərbaycan Ordusu “böyük Ermənistan” mifini darmadağın etdi, məğlubedilməz erməni ordusu mifi isə yerlə-yeksan oldu. Bu Qələbə Azərbaycan haqqında məğlub xalq sindromunu sındırdı. İndi xalqımız qalib xalq, ordumuz qalib ordu, dövlətimiz də qalib dövlətdir. Bəyanat Azərbaycan Ordusunun şərtsiz hərbi üstünlüyünü təsdiq etdi.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, o zaman bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il 10 noyabrda üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı.

2022-ci ilin sonu 2023-cu ilin əvvəllərində Azərbaycanın hüquq- müdafiə təşkilatları Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görüləndə bəzi region ölkələri və Qərb dairələrinin məsələnin mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi.

Qətiyyətlə demək lazımdır ki, heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamış, sonrakı dövrdə həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olmuş və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatmışdır. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın Dövlət Bayrağının asılacağı günü yaxınlaşdırdı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə qırx dörd günlük müharibə və 8 noyabr Zəfər Gününə bərabər növbəti parlaq Qələbə olmuşdur. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.

Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə kompleks yenidənqurma işləri gündən-günə genişlənir. Bu istiqamətdə qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Zəfərini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısının 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncam ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suvrenliyi Günü kimi qeyd edilir.

2020- ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad milli iradənin, milli ruhun, milli ləyaqətin Zəfəri idi. Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 80 illiyinə həsr olunmuş yığıncaqda bildirib ki, bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək: “Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək”.

İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu şaddır.

Zahid Rza, “İki sahil”

Seçilən
76
ikisahil.az

1Mənbələr