Bakı, 6 noyabr, AZƏRTAC
Tiba Universitetinin alimləri müəyyən ediblər ki, xərçəng əleyhinə anticisimlərin effektivliyi onların orqanizmin öz immun hüceyrələrinə nə dərəcədə güclü təsir göstərməsindən asılıdır. Həddindən artıq aktiv preparatlar səhvən T-limfositləri məhv edə bilər və bununla da şişə qarşı müdafiəni zəiflədir. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “International Journal of Pharmaceutics” jurnalında dərc olunub.
Yaponiya alimləri müəyyən ediblər ki, eyni xərçəng dərmanlarının pasiyentlərə fərqli təsir göstərməsinin gözlənilməz səbəbi var. Söhbət immun nəzarət nöqtələrinin inhibitorlarından, yəni şiş hüceyrələrinin səthində yerləşən PD-L1 zülalını bloklayan preparatlardan gedir. Bu zülal xərçəngə immun sistemindən “gizlənməyə” imkan verir, xüsusi anticisimlər isə onun fəaliyyətini pozaraq T-limfositlərin şişi tanımaq və məhv etmək qabiliyyətini bərpa edir. Bu yanaşma onkologiyada inqilabi hesab olunur, lakin onun effektivliyi hamıda eyni deyil.
Tədqiqatçılar müəyyən ediblər ki, hətta eyni zülala qarşı yönəlmiş anticisimlər belə fərqli davranış göstərə bilər. Burada əsas rol “anticisimə bağlı hüceyrə sitotoksikliyi” (ADCC) adlanan effektə məxsusdur: bu mexanizm immun hüceyrələrə anticisimlə işarələnmiş hədəfləri məhv etməyə kömək edir. Lakin bu mexanizm həddindən artıq aktiv olduqda anticisimlər təkcə şiş hüceyrələrinə deyil, həm də PD-L1 zülalını daşıyan öz T-limfositlərinə hücum etməyə başlayır.
Siçanlar üzərində aparılmış təcrübələr göstərib ki, zəif ADCC-aktivliyə malik MIH6 anticisimi şişin böyüməsini 90 faizdən çox azaldıb, halbuki güclü aktivliyə malik 10F.9G2 anticisimi demək olar ki, heç bir təsir göstərməyib.
“Tədqiqatımızın nəticələri göstərir ki, immunoterapiya üçün anticisimlərin hazırlanması və seçilməsində ADCC səviyyəsini nəzərə almaq son dərəcə vacibdir”, – deyə tədqiqat müəlliflərindən biri, dosent Yuta Tamemoto bildirib.
Alimlərin fikrincə, gələcəkdə pasiyentin T-hüceyrələrində PD-L1 səviyyəsinin təhlili optimal anticisimin seçilməsinə və yan təsirlərin qarşısının alınmasına imkan verəcək. Bu yanaşma immunoterapiyada universal sxemlərdən fərdi müalicəyə keçidi təmin edəcək və preparatların daha dəqiq və təhlükəsiz təsir göstərməsinə şərait yaradacaq.