AZ

Uzun illər problemsiz işləyən ən etibarlı ikinci əl avtomobillər açıqlandı

Avtomobil mütəxəssisləri ikinci əl bazarında uzunömürlüyü və dayanıqlılığı ilə seçilən modellərin siyahısını açıqlayıb. Bu avtomobillər düzgün və vaxtında qulluq edildikdə illərlə problemsiz istifadə oluna bilər.

Milli.Az xəbər verir ki, araşdırmaya görə siyahıya düşən modellər həm mexaniki etibarlılığı, həm də yüksək keyfiyyətli ehtiyat hissələri ilə seçilir. Hətta sərt hava şəraiti, çətin yol şərtləri və uzun məsafələrdə belə performansını qorumağı bacarırlar.

TOYOTA LAND CRUISER

Dayanıqlılığı ilə əfsanəyə çevrilən Land Cruiser, xüsusilə dizel mühərrikləri və güclü şassi quruluşu ilə ağır yollarda belə problemsiz nəticə verir. 4.2D və 4.5 D-4D mühərrikləri uzun ömürlülüyü ilə tanınır.

Üstünlükləri: Yüksək möhkəmlik, asan texniki xidmət, güclü asqı sistemi
Çatışmazlıqları: İkinci əl bazarında yüksək qiymət, baha ehtiyat hissələri

HONDA ACCORD (2008-2015)

Səkkizinci nəsil Accord-un 2.0 və 2.4 atmosferik mühərrikləri uzun müddət dayanıqlılığı ilə seçilir. Vaxtında edilən qulluq sayəsində həm mexaniki, həm də avtomatik sürətlər qutusu illərlə sorunsuz işləyə bilir.

Üstünlükləri: Yüksək montaj keyfiyyəti, güclü mühərriklər, sadə elektronika
Çatışmazlıqları: Sərt asqı sistemi, orijinal hissələrin bahalığı

MERCEDES-BENZ W124

Avtomobil tarixinin ən uzunömürlü modellərindən hesab edilən W124, xüsusilə 2.5D və 3.0D dizel mühərrikləri ilə uzun illər performansını qoruyur. Sadə mexaniki quruluşu və keyfiyyətli korpus materialları ilə tanınır.

Üstünlükləri: Sadə və möhkəm mexanika, uzun ömür, rahat sürüş
Çatışmazlıqları: Yaşa bağlı olaraq xarici görünüşdə (salon/kuzov) təmir ehtiyacı

LEXUS RX (2005-2012)

RX-in ikinci və üçüncü nəsil modelləri (300, 350, 400h) güclü mühərrikləri və yüksək istehsal keyfiyyəti ilə tanınır. Hibrid versiyalarda batareyanın ömrü də göz oxşayır.

Üstünlükləri: Yüksək komfort, etibarlılıq, keyfiyyətli salon
Çatışmazlıqları: Yüksək yanacaq sərfiyyatı, ehtiyat hissələrinin baha olması

VOLVO XC70 / V70

Volvo XC70 və V70, möhkəm kuzov, etibarlı mühərrik və uzunömürlü şanzıman ilə tanınır. 2.4 atmosferik benzinli və D5 dizel mühərrikləri xüsusilə dözümlüdür.

Üstünlükləri: Yüksək təhlükəsizlik, komfort, davamlılıq
Çatışmazlıqları: Keyfiyyətli ehtiyat hissələrinə çatmağın çətinliyi

MÜTƏXƏSSİSLƏRDƏN BAXIM TÖVSİYƏLƏRİ

Avtomobilin ömrünü uzatmaq üçün bunlara əməl etmək vacibdir:

Mühərrik yağını vaxtında dəyişmək

Keyfiyyətli yanacaq istifadə etmək

Soyutma sistemini mütəmadi nəzarətdə saxlamaq

Bu sadə tədbirlər avtomobilin uzun illər problemsiz işləməsinə kömək edir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
17
50
milli.az

10Mənbələr