AZ

Addım-addım Zəfərə doğru...

Noyabrın 3-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə geniş və dərin məzmunlu çıxış etdi. Bu çıxış yalnız elmi ictimaiyyət üçün deyil, ümumilikdə Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət daşıdı. Tədbirdə səslənən fikirlər ölkəmizin daxili və xarici siyasətinin strateji istiqamətlərini aydın şəkildə ortaya qoydu, Azərbaycanın bugünkü inkişafının elm, təhsil, milli iradə və zəka üzərində qurulduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan Milli Elmlər Akademiyası səkkiz onillik ərzində böyük inkişaf yolu keçərək elmi fikrin təşəkkülündə, milli elmi kadrların formalaşmasında və elmi potensialın artmasında mühüm rol oynamışdır. Müxtəlif ictimai-siyasi mərhələlərdən keçməsinə baxmayaraq, elm hər zaman dövlətin diqqət mərkəzində olmuş, bu sahəyə dəstək heç vaxt zəifləməmişdir. Bu ənənənin əsası ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və həmin dövrdə akademiyanın fəaliyyəti təkmilləşdirilmişdir. Yeni elmi-tədqiqat institutları yaradılmış, elmin maddi-texniki bazası gücləndirilmişdir.

Ulu Öndərin təşəbbüsü ilə minlərlə Azərbaycan gənci keçmiş sovet ittifaqının ən nüfuzlu ali məktəblərinə göndərilmiş, bu addım gələcək nəsillər üçün möhkəm intellektual təməl formalaşdırmışdır. Məhz həmin siyasətin davamı kimi bu gün gənclərin xaricdə təhsili istiqamətində dövlət proqramları uğurla həyata keçirilir, Azərbaycan elminin gələcəyini təmin edən yeni nəsil mütəxəssislər yetişdirilir.

Dövlət başçısı çıxışında xatırlatmışdır ki, müstəqilliyin ilk illəri ölkəmiz üçün ağır sınaqlarla dolu bir dövr olmuşdur. Dövlətçiliyin bərpası, sabitliyin yaradılması və inkişaf yoluna çıxmaq üçün elmi potensialın səfərbər edilməsi zəruri idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ilk görüşlərindən birinin Milli Elmlər Akademiyasında keçirilməsi təsadüfi deyildi - bu, elmin dövlətin dirçəlişində və strateji qərarların qəbulunda mühüm rol oynadığını nümayiş etdirirdi. Həmin dövrdə maliyyə imkanları məhdud olsa da, elmin inkişafına xüsusi diqqət ayrılmış, tədqiqat sahələrinin genişlənməsi üçün məqsədyönlü addımlar atılmışdır. Bu siyasət nəticəsində elm dövlətin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Son onilliklərdə Azərbaycan elminin maddi-texniki bazası əsaslı şəkildə yenilənmiş, akademiyanın fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması təmin edilmişdir. Elmə ayrılan vəsait iki dəfədən çox artırılmış, yeni Elmi Kitabxana və Milli Ensiklopediya üçün müasir binalar inşa edilmiş, institutların avadanlıq təminatı yenilənmişdir. 2009-cu ildə yaradılan Elm Fondu vasitəsilə alimlərə qrant dəstəyi göstərilmiş, "Elm haqqında" qanun və Milli Strategiyanın qəbul edilməsi elmi idarəetmədə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur.

Çıxışda dövlət başçısı tərəfindən xüsusi olaraq qeyd olundu ki, elmin inkişafı ölkənin iqtisadi və siyasi müstəqilliyinin əsas dayaqlarından biridir. Azərbaycanın bu gün müstəqil, güclü və öz daxili imkanlarına arxalanan bir dövlət kimi formalaşması məhz elmi potensiala və bilik əsaslı iqtisadiyyata söykənir. Son illərin iqtisadi göstəriciləri də bunu təsdiqləyir. Neft hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektoru iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Xarici borcun ÜDM-ə nisbətinin cəmi 6 faiz olması, valyuta ehtiyatlarının isə bu borcdan 16 dəfə çox olması Azərbaycanın maliyyə sabitliyinin və siyasi müstəqilliyinin real göstəricisidir.

Bu iqtisadi dayanıqlılıq azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasına imkan yaratmışdır. Kəlbəcərdən Zəngilana, Şuşadan Xankəndiyə qədər həyata keçirilən layihələr, müasir şəhərsalma nümunələri və elmi-tədqiqat yönümlü təşəbbüslər Azərbaycanın gələcəyinə hesablanmış strateji proqramlardır.

Dövlətimizin başçısı çıxışında həmçinin Azərbaycan tarixinin elmi əsaslarla tədqiqinin vacibliyinə də toxundu. Çar Rusiyası dövrünə aid xəritələr belə Azərbaycanın tarixi torpaqlarını və indiki Ermənistan ərazisindəki Azərbaycan mənşəli toponimləri aydın şəkildə göstərir. Alimlərin bu istiqamətdə daha geniş tədqiqatlar aparması, beynəlxalq səviyyədə həqiqətləri elmi dəlillərlə təqdim etməsi vacib amil kimi vurğulandı. "Azərbaycan gəncləri öz tarixini dərindən öyrənməli, dünya ictimaiyyəti isə bu həqiqətləri elmi əsaslarla tanımalıdır" - fikri çıxışın əsas mesajlarından biri kimi səsləndi.

Azərbaycan dilinin saflığının qorunması məsələsi də nitqin mühüm hissəsini təşkil etdi. Təmiz, saf və ədəbi Azərbaycan dilinin dövlətin milli kimliyinin təməl sütunlarından biri olduğu vurğulandı. Dilin kənar təsirlərdən qorunması, onun zəngin ifadə imkanlarının saxlanılması hər bir azərbaycanlının mənəvi borcu kimi dəyərləndirildi. Bu istiqamətdə alimlər, yazıçılar, jurnalistlər və ictimaiyyət nümayəndələri birgə fəaliyyətə çağırıldı.

Çıxışın mühüm məqamlarından biri də Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbəyə həsr olunmuş hissə idi. 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən bu Qələbə yalnız hərbi gücün deyil, milli birliyin, elmin, zəkanın və müasir dövlət siyasətinin təntənəsidir. Bu uğur həmçinin Azərbaycanın müstəqil qərar qəbul etmək, öz taleyinə sahib çıxmaq əzminin təcəssümüdür.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi yalnız bir elmi qurumun tarixi yolunu deyil, həm də elmin dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyi böyük bir mərhələni simvolizə edir. Mərasimdə səslənən fikirlər elmi-ictimai düşüncənin inkişaf istiqamətlərini, milli tərəqqinin prioritetlərini və gələcəyə baxışı müəyyənləşdirdi.

Elm, dil, tarix və vətənpərvərlik - bu dörd dəyər Azərbaycan dövlətçiliyinin sabahını formalaşdıran sütunlardandır. Məhz bu dəyərlərə söykənərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha güclü, daha müasir və elmi əsaslara dayanan bir dövlət kimi dinamik inkişafını davam etdirir.

Zaur ŞÜKÜROV,

Milli Məclisin deputatı

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr