AZ

Gələcək inkişafın strateji manifesti

"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı bir daha göstərdi ki, dövlətimizin elmə, təhsilə və intellektual inkişaf strategiyasına yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur. Dövlətimizin başçısı bu tarixi çıxışı ilə həm Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna qiymət verdi, həm də gələcəyə yönəlik konkret və strateji prioritetləri müəyyənləşdirdi. Azərbaycan elminin bugünkü səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır". 

Bunu qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputatın sözlərinə görə, hələ ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi ilə elmi-tədqiqat institutlarının yaradılması, elmin maliyyələşdirilməsi və gənclərin keçmiş ittifaqın aparıcı ali məktəblərinə göndərilməsi siyasəti ölkəmizin intellektual potensialını köklü şəkildə gücləndirmişdir. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrdə uğurla davam etdirilməsi elmi inkişafın dayanıqlı modelini formalaşdırmışdır. Azərbaycan elminin müstəqillik illərində əldə etdiyi nailiyyətlər məhz bu strateji xəttin davamının nəticəsidir. 

Bu gün dünyada hər bir ölkənin gücü onun texnoloji potensialı ilə ölçülür. Süni intellektin, rəqəmsal iqtisadiyyatın və müdafiə sənayesinin inkişafı istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr bu gün reallığa çevrilmişdir. Təbii resurslar bir gün tükənə bilər, lakin elmi potensial, intellektual güc və insan kapitalı Azərbaycanın əbədi və tükənməz sərvətidir. Bu baxımdan, dövlətin elmə, gənclərin təhsilinə, innovasiyaya və texnologiyaya yatırdığı sərmayə, əslində, Azərbaycanın gələcəyinə, milli təhlükəsizliyinə qoyulan sərmayədir. Bu barədə danışan Fatma Yıldırımın sözlərinə görə, elm, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahələrində dövlətimizin atdığı addımlar göstərir ki, Azərbaycan artıq postneft dövrünün reallıqlarına tam hazırdır.

Deputat qeyd edib ki, Azərbaycan son 10 ildə inkişaf və zəfərlərlə dolu bir dövr yaşayıb. Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və suverenliyin tam təmin olunması müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa və yenidənqurma işləri, həyata keçirilən enerji, sənaye və geoloji layihələr ölkəmizin gələcək inkişafında mühüm yer tutur. 

Fatma Yıldırımın sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı dərinməzmunlu fikirləri hər birimizi düşündürməlidir: "Bu çağırış hər bir ziyalının, jurnalistin, müəllimin, ictimai xadimin və vətəndaşın məsuliyyətini artırır. Ana dilimizin saflığının qorunması milli kimliyimizin əsas sütunudur və dövlət başçısının bu məsələni prioritet səviyyəsində qaldırması strateji əhəmiyyət daşıyır".

 Bu gün ölkəmizin iqtisadi göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycanın iqtisadiyyatı sağlam təməllər üzərində qurulub. Deputat qeyd edib ki, bu güc bizə həm təhlükəsizliyimizi qorumağa, həm də azad edilmiş torpaqlarda böyükmiqyaslı bərpa və quruculuq işlərini sürətlə aparmağa imkan verir: "Bu gün Azərbaycanın enerji siyasəti artıq yeni mərhələyə qədəm qoyub. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpaolunan enerji layihələri, su, külək və günəş stansiyalarının yaradılması ölkəmizi "yaşıl enerji" ixracatçısına çevirəcək. Eyni zamanda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı geoloji tədqiqatlar yeni iqtisadi imkanların əsasını qoyur. Bu istiqamətdə Azərbaycan alimlərinin iştirakı dövlətin onlara verdiyi yüksək etimadın təzahürüdür". 

Cənab Prezidentin çıxışında vurğuladığı əsas məqamlardan biri də Azərbaycan xalqının tarixi həqiqətlərinin təhrifinə qarşı elmi əsaslı mübarizənin vacibliyi idi. Fatma Yıldırım bildirib ki, bu məsələdə alimlərimizin, tarixçilərimizin, ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşür: "Biz öz tariximizi yalnız tədqiq etməməli, həm də dünyaya elmi əsaslarla təqdim etməliyik. Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi çıxış təkcə elm bayramı münasibətilə deyilmiş sözlər deyil, bu, gələcək inkişafın strateji manifestidir. Elm, təhsil, texnologiya, milli tarix, dil və dövlətçilik məsələlərini vahid ideoloji xətdə birləşdirən bu nitq müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideya təməlini təşkil edir. Azərbaycan alimləri, ziyalıları və gəncləri bu çağırışlardan ruhlanaraq ölkəmizin dayanıqlı, texnoloji və intellektual inkişafı naminə daha əzmlə çalışmalıdırlar. Çünki bu gün biz təkcə müstəqil dövlətin deyil, həm də Zəfər qazanan, elmə və intellektə söykənən qalib millətin nümayəndələriyik".

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Seçilən
72
azerbaijan-news.az

1Mənbələr