AZ

Bizim nəslin fəxarəti

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mənə elə gəlir, “Qarabağ”ın “Çelsi” üzərində qələbə dəyərində heç-heçəsi (2:2) ən çox 80-lər nəslini sevindirər. Ümumiyyətlə, “atlılar”ın ardıcıl 12-ci il avrokubokların qrup mərhələsinə yüksəlməsinin xoşbəxtliyi ən çox məhz həmin nəslin əhvalında hiss olunur.

Çünki ondan əvvəlkilər SSR-i övladları olub və onların “Dinamo” Kiyevi, “Spartak”ı olub. Həsrətlə tutduqları klubun beynəlxalq uğurlarını gözləməyiblər, görüblər, yaşayıblar…

90-lardan buyananın isə “Neftçi”nin, “Qəbələ”nin, müntəzəm olaraq, “Qarabağ”ın qruplarda oynadığına şahid olublar.

Yalnız 80-lərin uşaqları uşaqlığını da, yeniyetməliyini də, gəncliyini də həsrətlə keçirdi. Kimisi Türkiyə klublarına, kimisi Rusiya təmsilçilərinə meyil saldı, onların sayəsində özünü ovundurdu…

Uzun illər həsrətlə baxdılar, gözlədilər, ümid etdilər. O nəslin uşaqları “Şəmkir”in “Skonto”nu keçməsinin verdiyi fəxarət hissiylə ovunub, kiçik uğura sığınmışdılar. Bir də arabir “Qarabağ”ın “Makkabi”ni ələməsi…

Sonrakı lokal uğurlar artıq 80-lərin yetkinlik yaşına təsadüf etmişdi; nisgil isə onların xatirəsində, əhvalında öz dərin izini qoymuşdu.

Mən də 80-lərin uşağıyam. 40 yaşımı və iki oğlumu da götürüb getmişdim “Tofiq Bəhramov”a. Bu dəfə press-loja yox, azarkeşlər arasında idim. Ümumiyyətlə, son vaxtlar bura daha çox maraqlı gəlir…

***

“Çelsi” hesabı açanadək “Qarabağ” səhih oyun sərgiləmişdi. Ümid verirdi. Hətta arxa sıradan eşitdiyim, “Qarabağ” ilk qolu buraxanda daha yaxşı olur” sözünə də başımı şaquli yelləmişdim.

2:1-dir…

Milyardlıq dəyəri olan meqaklub oyununa çökən xaosa əlac axtarır.

2:2…

Matçın final fiti səslənəndə səsim batmışdı.

Milyardlıq giqantı qarşısında hesablaşmağa məcbur edən “Qarabağ”dan aldığım enerjini, hissi ifadə etməkdə çətinlik çəkirəm.

Nə edim, nə deyim, ümumiyyətlə, özümü necə aparmalıyam – itirmişdim. Hə, ətrafa boylanmaq istədiyimi hiss etdim.

Boylandım.

Aşağı-yuxarı 35-40+ yaşlarda olanlar daha çox göründü gözümə. O yaşdan yuxarılar da, aşağılar da onlar qədər öz enerjisi ilə məni çəkmirdi.

“Qarabağ” böyüməyə/böyüklüyə can atan, nisgilini yaşayan, onu iliklərinədək ruhuna hopduran bir nəslə FƏXARƏT hissini bəxş etdi həm də. Və məncə, bu işin, bu yolun, bu hadisənin ən romantik halı da məhz budur.

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
futbolpress.az

1Mənbələr