AZ

Naxçıvanın 200 ildir tez-tez yenilənən inzibati ərazi bölgüsü oyunbazlığı

Yeri gəlmişkən, Naxçıvanın inzibati-ərazi bölgüsü 1800-cü illərin 1-cü rübündə Çar Rusiyası tərəfindən işğal olundan bu günə qədər həmişə problemli olub. 1828-ci ildə Qacariyyə dövləti ilə bağlanmış Türkmənçay müqaviləsinə əsasən, Rusiya imperiyasına birləşdirildikdən sonra Naxçıvan İrəvan quberniyasına bağlandı. 1840-ci ildə ona uyezd (qəza) statusu verildi və süni şəkildə yaradılmış Erməni vilayətinə birləşdirildi. Həmin illərdə Arazın o tayından Naxçıvana və İrəvana yüzminlərlə erməni köçürüldü və bölgənin türk kimliyi ortadan qaldırılmağa çalışıldı. Amma Naxçıvan əhalisinin dirənişi və Osmanlı dövlətinin müdaxiləsi nəticəsində bu siyasət öz məkrli niyyətinə çatmadı.
Çar Rusiyası dağıldıqdan və Sovet imperiyası qurulduqdan sonra da Naxçıvanın inzibati ərazisi bölgüsü ilə oynanılması davam etdirildi. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə isə bu qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa və Ordubad.
1930-cu illərin birinci yarısında Şahbuz rayonu yaradılaraq inzibati ərazi sayı 6-ya çatdırıldı: Şərur, Naxçıvan, Culfa, Ordubad, Əbrəqunus və Şahbuz rayonları. 1948-ci ildə Əbrəqunus rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra Naxçıvan MSSR inzibati cəhətdən beş ərazi vahidinə - Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarına bölündü. 1990-cı il avqustun 28-də Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən, Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradıldı. Daha sonra Şərurun Qarabağlar və ətraf kəndləri də ondan alınıb Kəngərli rayonu təsis olundu və beləcə Naxçıvanın rayonları 7-yə yüksəldi.
Ən maraqlı dəyişiklik isə 1960-cı illərdə yaşanmışdı. 04.01.1963-cü il tarixində Ordubad rayonu ləğv edilib ərazisi Culfa rayonuna verilmiş, 06.01.1965-ci ildə yenidən təsis olunmuşdur. Eyni tarixdə Şahbuz rayonu da bənzər “evlilik və boşanma” ilə üzləşmişdi: 04.01.1963-cü ildə ləğv edilib Babək rayonuna verilən Şahbuz 06.01.1965-ci ildə yenidən ondan qoparılıb ayrıca rayona çevrildi. Tez-tez baş verən bu “inzibati evlənmələrin və boşanmaların” əsl səbəbi bilirsinimi nədir? – Naxçıvanda çox sayda rayon yaradılacaq qədər əhalinin olmaması və Muxtar Respublikanı idarə edənlərin paytaxtdan daha çox dotasiya almaq istəkləri.
1963-cü ildə Şahbuzda və Ordubadda nə qədər əhalinin yaşadığını bilmirəm. Amma 2020-ci ilin əhalinin siyahıya alınmasına görə, Şahbuzda 25 min 300 nəfər yaşayırdı. Rayonun ərazisi 836,58 km2-dir və orada 1 şəhər, 1 qəsəbə, 22 kənd var. Qeyd edim ki, təkcə Nehrəm kəndində Şahbuz rayonunun yarısı qədər 12.5 min əhali mövcuddur.
Ordubadda isə rəsmi statistikaya əsasən, bu gün 50 min 863-ün nəfər yaşayır.
Təbii ki, bütün bu rəqəmlər quru statistikadır. Azərbaycanda statistik məlumatların nə qədər dəqiq olduğunu şərh etməyə isə ehtiyac yoxdur.
Naxçıvanda bu qədər az əhalinin yaşamasına gəlincə, tarixi vəsiqələrə inansaq, vaxtilə bu bölgədə qurulan Araz-Türk Respublikasında 1 milyondan çox insan yaşayırdı. Amma 1915-1920-ci illərdə Rusiya və Böyük Britaniyanın yardımları ilə baş verən erməni qəsbkarlığı nəticəsində Naxçıvan əhalisinin böyük qismi İrana və indiki Türkiyəyə köçdü. Beləcə, Naxçıvan əhalisi misli görünməmiş səviyyədə azaldı. Sovet hakimiyyətinin ilk quruculuq illərində isə Naxçıvan aclıqla və Azərbaycandan ayrı salınmaqla sınağa çəkildi.
20-ci əsrin I rübündə Naxçıvanın erməni işğalına qarşı qorunmasında mühüm rol oynamış Osmanlı Ordusunun 1-ci Qafqaz Korpusunun komandanı Kazım Qarabəkir Paşanın rəhbərliyi altında bölgəyə gələn General Veysəl Ünüvarın xatirələri də bunu təsdiqləyir. Ünüvarın iddiasına görə, 11-cı Qızıl Ordunun Naxçıvana soxulan qoşunları yerli əhalinin əlindəki ərzaqları yığır və öz ərzaq təchizatını bununla təmin edirdi. O dövrdə Azərbaycanda yaradılan İnqilab Komitəsi isə Naxçıvan ziyalılarının yardım tələblərini geri çevirir, onları yerli mülkədarlar adlandırırdı. O dövrdə İrandan alınıb Ermənistana göndərilən buğda və digər ərzaq məhsulları Naxçıvandan keçirilsə də, bölgə əhali bundan faydalana bilmirdi. Nəticədə “Zəngibasar, Vedibasar, Aralıq, Şərur, Sürməli, Naxçıvan və Qars bölgəsindən sayı 1 milyona çatan qaçqınlar İrana qaçır və orada hər gün 300 nəfər aclıq və xəstəlikdən ölürdü. 1920-ci il avqustun 1-dən 7-dək Araz çayının sahillərində aclıqdan, ilan və həşərat sancmasından ölənlərin 6000-ə qədər cəsədi tapılmışdı”.
Bir sözlə, Naxçıvan və Qərbi Azərbaycan şüurlu şəkildə erməni-bolşevik basqısı, aclıq və susuzluq nəticəsində köçə məcbur edilmişdir. Maraqlıdır ki, bənzər siyasətlər SSRİ dağıldıqdan sonra da davam etdirilmişdir. Beləcə bir zamanlar 1 milyondan çox əhalisi olan Naxçıvanda indi rəsmi statistikaya görə, 450 min insan yaşayır. Əhalinin real sayı isə bundan ən azı 2 dəfə azdır.
1828-ci ildən bu günə qədər Naxçıvan əhalisinin başına gətirilən bu oyunların isə bir səbəbi var – Muxtar Respublika boşalsın və yenidən rus imperiyasının məkrli siyasəti nəticəsində Ermənistana və ya hansısa qondarma dövlətçiyə verilsin.
Ən dəhşətlisi isə odur ki, həm Vasif Talıbovun vaxtında, həm də indi Naxçıvana ayrılan dotasiya bir qrup icra hakimiyyəti nümayəndələri tərəfindən acgözlülüklə talan olunur, o vəsaitlər kasıb əhaliyə çatmır, beləcə Muxtar Respublikadan köçlər 120 il əvvəlki kimi davam edir. Öz xalası oğlunu bu tarü-mar mafiyasının tərkibində görmək istəyən “canişin” əfəndi isə yerli əhalinin incə damarından istifadə edərək onların qəzəbini Naxçıvan həqiqətlərini dilə gətirməyə çalışan qələm adamlarına yönəldir.

Heydər Oğuz, araşdırmaçı
Seçilən
37
news365.az

1Mənbələr