AZ

Norveçdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Stokholm, 6 noyabr, Nərgiz Cəfərli, АZƏRTAC

Norveçin paytaxtı Oslo şəhərində Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Skandinaviya Azərbaycanlılarının Norveç Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə norveçlilər, azərbaycanlılar, türklər, ukraynalılar və digər xalqların icma nümayəndələri iştirak ediblər.

Mərasimin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şanlı Zəfərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Azərbaycan Evi”nin rəhbəri Ramil Əliyev çıxışında Zəfər Gününün əhəmiyyətindən və bu tarixi günə həsr olunmuş milli ruhlu tədbirlərin müxtəlif xarici ölkələrdə keçirilməsinin vacibliyindən danışıb. “8 Noyabr xalqımız üçün tarixi bir gündür və əldə olunan Zəfər milli birliyimizin, gücümüzün və həmrəyliyimizin əsas göstəricisidir. Bu kimi tədbirlər xaricdə doğulub böyüyən gənclərimizdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır”, – deyə Ramil Əliyev vurğulayıb.

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Norveç koordinatoru və NAYO-nun sədri Fariz Rzayev isə qeyd edib ki, Zəfərimiz bizi qürurlandırmaqla yanaşı, həm də güclü Azərbaycan amalı ətrafında birləşdirir.

Tədbir konsert proqramı ilə davam edib. Səhnədə Əməkdar mədəniyyət işcisi Elçin Abbasov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Orxan Cəlilov, “7-ci TV” muğam müsabiqəsinin laureatı Rəvan Qaçayev, eləcə də rəqqas Firuz Əliyev, rəqqasə Cəmilə Listkova və pianoçu Arvin Balanji çıxış ediblər.

Norveçdə səfərdə olan teleaparıcı, Əməkdar artist Dilarə Əliyevanın Zəfərimizə həsr etdiyi monoloq tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Konsert zalında istedadlı rəssam Nərminə Vəliyevanın Qarabağın ictimai və mədəniyyət xadimlərinin təsvir olunduğu “Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası” adlı sərgisi təqdim edilib. Rəssamın vətənpərvərlik ruhunda ərsəyə gətirdiyi rəsmlərdə xalqımızın qəhrəmanlıq tarixi rənglərin dili ilə ifadə olunub.

Tədbirin sonunda iştirakçılara Azərbaycan mətbəxinin zəngin kulinariya ənənələrini əks etdirən milli şirniyyatlar və isti içkilər təqdim olunub.

Seçilən
8
azertag.az

1Mənbələr