Akademiyanın 80 illiyi düşüncə tariximizin təntənəsidir
Azərbaycanın inkişaf strategiyası uzun illərdir ki, sabit bir prinsip üzərində qurulub. Elm, təhsil və innovasiyanın milli dövlətçiliyin əsas dayaqlarına çevrilməsi. Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə söylədiyi nitq bu konsepsiyanın canlı ifadəsidir. Həmin çıxış sadəcə yubiley münasibətilə deyilmiş təbrik deyil, dövlət idarəçiliyində elmin rolunu müəyyən edən strateji istiqamət kimi dəyərləndirilə bilər. Dövlət başçısının nitqində elmi fəaliyyətin bütün istiqamətləri – təhsil, texnologiya, gənclər siyasəti, innovasiya, ekoloji təhlükəsizlik, milli dəyərlər və qlobal rəqabət – bir-biri ilə vəhdətdə təqdim olunurdu. Ölkə Prezident bir daha göstərdi ki, elm milli ideologiyanın əsas dayağıdır: “Elm olmadan inkişafdan, texnoloji tərəqqidən və iqtisadi gücdən danışmaq mümkün deyil. Elm dövlət siyasətinin, iqtisadiyyatın və gələcəyin formalaşmasında həlledici rol oynayır.”
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi bütövlükdə bir dövrün, bir epoxanın elmi salnaməsidir. Bu illər ərzində Akademiya dövlətçiliyimizin elmi bazasına, milli yaddaşın və intellektual potensialın qoruyucusuna çevrilmişdir. Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, AMEA yalnız elmi-tədqiqat institutu kimi deyil, həm də strateji düşüncə mərkəzi kimi fəaliyyət göstərməlidir. Bu, elmin mahiyyətində yeni mərhələnin başlanğıcıdır. Elm artıq yalnız araşdırma aparmaqla kifayətlənməməli, dövlət siyasətinə, iqtisadi planlaşdırmaya və milli təhlükəsizliyə birbaşa təsir göstərməlidir. Ölkə Prezidentinin sözləri ilə: “Elmi tədqiqatların nəticələri ölkəmizin iqtisadi, sosial və texnoloji inkişafında özünü göstərməlidir. Elm konkret nəticələrlə ölçülməli, onun məhsulu dövlətin gücünə çevrilməlidir.” Bu fikir müasir Azərbaycan üçün yeni elmi idarəetmə modelinin əsasını təşkil edir. Cənab Prezidentin nitqi sübut etdi ki, elmi təfəkkür bu gün dövlət idarəçiliyinin mərkəzinə yerləşdirilib. Bu, intuisiya deyil, sübuta əsaslanan, analitik yanaşmanın üstünlüyünü göstərən bir idarəçilik fəlsəfəsidir. Belə bir sistem Azərbaycanı XXI əsrin intellektual dövlət modelinə doğru aparır. Artıq ölkəmiz təbii sərvətlərə deyil, insan kapitalına, alimlərin potensialına və gənclərin yaradıcılıq enerjisinə əsaslanır. Prezidentin qeyd etdiyi kimi, gələcəyin əsas mübarizəsi enerji sahəsində deyil, bilik və texnologiyalar sahəsində aparılacaq. Süni intellekt, rəqəmsallaşma, kosmos və biotexnologiya kimi istiqamətlərdə irəliləyiş bu gün formalaşan elmi düşüncədən başlanır. “Əgər biz elmə, biliyə, təhsilə və texnologiyalara sərmayə qoyuruqsa, deməli, gələcəyimizi təmin edirik,” – deyə cənab Prezident İlham Əliyev bildirdi. Bu, Azərbaycanın postneft dövrü inkişaf strategiyasının mahiyyətini aydın şəkildə göstərir. Elm həm də dövlətin təhlükəsizliyinin və ideoloji sabitliyinin əsas təminatçılarından biridir. Müstəqil düşüncə, milli ideoloji immunitet, informasiya təzyiqlərinə qarşı dayanıqlıq elmi təfəkkürün nəticəsidir. Dövlət başçısı bu baxımdan alimlərin üzərinə düşən tarixi məsuliyyəti də vurğuladı: “Azərbaycan elmi milli maraqlara xidmət etməli, dövlətin müstəqilliyini möhkəmləndirən ideoloji dayaqlardan biri olmalıdır.” Bu fikir milli ideologiyanın elmi əsaslarını müəyyən edən strateji istiqamət kimi dəyərləndirilə bilər. Elmin bu gün ölkəmizdə qazandığı yüksək status Prezidentin idarəçilikdə intellektual yanaşmanı prioritetə çevirməsinin nəticəsidir. Dövlətin bütün islahat və layihələri elmi təhlil və analitik düşüncə üzərində qurulur. Cənab Prezidentin çıxışında diqqət çəkən vacib məqamlardan biri də gənc alimlərə göstərilən qayğı idi. O bildirdi ki, elmi potensialın gənclər vasitəsilə yenilənməsi və onların elmə marağının artırılması mühüm strateji vəzifədir. Bu, sadəcə kadr siyasəti deyil, milli intellektual davamlılığın təminidir. Prezidentin “Gənclər elmi sevərək seçməlidirlər. Elmə xidmət etmək – Vətənə xidmətin ən ali formalarından biridir” sözləri bu istiqamətdə bir nəsilə ünvanlanmış çağırış kimi səsləndi. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası tədricən təkcə elmi müəssisə deyil, həm də dövlətin analitik beyin mərkəzinə çevrilir. Cənab Prezidentin nitqi bu prosesin daha da güclənməsinə təkan verəcək. Akademiyanın gələcək fəaliyyətində innovasiya, rəqəmsallaşma, strateji tədqiqatlar və dövlət sifarişi əsasında aparılan layihələr əsas prioritetlər olacaq. Elm artıq laboratoriyalardan və kabinetlərdən çıxaraq iqtisadiyyatın, sənayenin və texnologiyanın bir parçasına çevrilməlidir.
Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan elmi bu gün dövlətin intellektual dayağı, milli kimliyimizin və müstəqilliyimizin əsas təminatçısıdır. Bu nitq həm keçmişin dəyərlərinə, həm də gələcəyin istiqamətlərinə baxış idi. O, elmi düşüncə ilə milli ideologiyanın sintezini yaradan və Azərbaycanı bilik əsrinin ön sıralarına çıxaran strateji konsepsiya kimi tarixə düşdü. Elm bu gün sadəcə bir sahə deyil – Azərbaycanın ruhunu, düşüncəsini və gələcək zəfərini təcəssüm etdirən milli güc simvoludur.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü