AZ

Azərbaycan–Əlcəzair tərəfdaşlığı genişlənir

Vətən müharibəsindən həm döyüş meydanında, həm də diplomatik masada qalib ayrılan Azərbaycanın beynəlxalq arenadakı mövqeyi getdikcə güclənir. Son dövrlər dünyanın aparıcı dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən rəsmi Bakı öz diplomatiya imkanları ilə ən zəngin qitə hesab edilən Afrikaya nüfuz etməkdədir. Bu istiqamətdə xüsusilə Əlcəzair Xalq Demokratik Respublikası ilə əlaqələrin dərinləşməsi diqqət mərkəzindədir.

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində Prezident Əbdülməcid Təbbun tərəfindən qəbul olunub. Görüşdə Azərbaycan–Əlcəzair münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Prezident Təbbun Prezident İlham Əliyevin 2022-ci ildə Əlcəzairə səfərinin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi, enerji, təhsil, humanitar, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu çərçivədə iki ölkə arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında saziş mühüm addım kimi dəyərləndirilib. Həmçinin BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib. Qarşı tərəf Azərbaycana qarşı təcavüzün nəticələri və post-münaqişə dövründə sülh və bərpa fəaliyyətləri barədə məlumatlandırılıb.

Qeyd edək ki, nazir Ceyhun Bayramovun Əlcəzairə səfəri zamanı bu ölkənin XİN rəhbəri ilə Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında Ticarət, İqtisadiyyat, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasına dair Sazişi imzalayıblar. Saziş iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələni əhatə edir. Sənəd ticarət, investisiya, elm və texnologiya kimi əsas sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün strukturlaşdırılmış və institusionallaşdırılmış mexanizm yaradır. Birgə Komissiya qarşılıqlı maraq doğuran yeni sahələrin müəyyənləşdirilməsi, təşəbbüslərin əlaqələndirilməsi, eləcə də təcrübə və qabaqcıl təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan ilə Əlcəzair arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. Bu, Azərbaycanın müstəqillik əldə etməsindən qısa müddət sonra iki ölkənin beynəlxalq arenada bir-birinə qarşılıqlı maraq göstərdiyini sübut edir. O vaxtdan bəri əlaqələr tədricən genişlənib, xüsusilə energetika, humanitar, parlamentlərarası əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək formalaşıb. Əlcəzair Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Qoşulmama Hərəkatında ölkəmizin təşəbbüslərinə hər zaman müsbət münasibət göstərib.

Ötən illər ərzində iki ölkə arasında siyasi dialoq və yüksək səviyyəli təmaslar öz yerini alıb, dövlət başçılarının qarşılıqlı səfərləri baş tutub. 2019-cu il oktyabrın 24-26-da Əlcəzairin Prezidenti Abdelkader Bensalah Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edib. 2022-ci il noyabrın 1-də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Ərəb Dövlətləri Liqasının Əlcəzair şəhərində keçirilən 31-ci Sammitində fəxri qonaq qismində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olub. Toplantıda çıxış edən dövlət başçısı ölkəmizin Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərinin olduğunu qeyd edib. Ölkə rəhbəri əminliklə bildirib ki, yaxın gələcəkdə təşkilata üzv ölkələrlə əməkdaşlıq genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.

* * *

Azərbaycan və Əlcəzair arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparılır. Enerji sahəsində əməkdaşlıq potensialı yüksəkdir. Afrikanın ən böyük ölkəsi olan Əlcəzairin iqtisadiyyatı əsasən enerji resurslarına – neft və təbii qaza əsaslanır. Təxminən 12 milyard barrel səviyyəsində sübut olunmuş neft ehtiyatı var. Bu göstərici Əlcəzairi Afrikada 3-cü, dünyada isə ilk 20 ölkə sırasına çıxarır. Ölkənin təbii qaz ehtiyatı təxminən 4,5 trilyon kubmetr təşkil edir. Bu, onu dünyada 10 ən iri qaz ölkəsindən biri edir. Bu baxımdan SOCAR və Əlcəzairin “Sonatrach” şirkətləri arasında əlaqələrin inkişafı perspektivlidir.

Rəsmi məlumatlara görə, iki ölkə arasında ticarət dövriyyəsi elə də yüksək deyil. Amma son illər ixrac və idxal həcmi artmaqdadır. İqtisadi mübadilə 2021-ci ildə 1,37 milyon ABŞ dolları, 2022-ci ildə 1,84 milyon ABŞ dolları, 2023-cü ilin yanvar-oktyabr dövründə 2,15 milyon ABŞ dolları olub. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan-Əlcəzair ticarət dövriyyəsinin ümumi həcmi təxminən 3,1 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz artım deməkdir. Həmin ilin göstəricilərinə əsasən, Azərbaycandan Əlcəzairə ixracın həcmi 1,8 milyon ABŞ dolları təşkil edib. Əlcəzairdən Azərbaycana idxal isə 1,3 milyon ABŞ dolları olub.

Azərbaycan və Əlcəzair arasında münasibətlərin mühüm istiqamətlərindən biri mədəni əməkdaşlıqdır. Hər iki xalqın tarixində azadlıq, müstəqillik və milli ləyaqət uğrunda mübarizə aparmaq kimi oxşar səhifələr mövcuddur. Əlcəzair XIX əsrdə Fransa tərəfindən işğal edilmiş, 1830–1962-ci illər ərzində 1,5 milyondan çox əlcəzairli müstəmləkəçiliyin qurbanı olmuşdur. Buna görə ölkə “1,5 milyon şəhid ölkəsi” adlanır. Azərbaycan da XX əsrdə işğal və təcavüzlə üzləşmiş, minlərlə insanını itirmiş və bir milyondan artıq vətəndaşı məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu oxşar tarixi talelər hər iki xalqı azadlıq və ədalət ideallarına daha da yaxınlaşdırır. Məhz bu mənəvi yaxınlıq Azərbaycan və Əlcəzair arasında mədəni əlaqələrin əsasını təşkil edir.

Azər ALLAHVERDİYEV,
Milli Məclisin deputatı

Azərbaycan və Əlcəzair arasında əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Şübhəsiz ki, burada dini bağlılıq vacib amillərdən biridir. Çünki bu gün İslam dünyasında müşahidə edilən inteqrasiya prosesləri üç əsas məfhum üzərində inkişaf edir. Bunlar dil, din və mədəniyyətdir. Məhz bu prizmadan yanaşdıqda, Əlcəzairlə münasibətlərimizin dini və mədəni bağlar üzərində qurulması, həmin istiqamətdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial yaradır.

Digər mühüm istiqamətlərdən biri isə iqtisadi müstəvidə qarşılıqlı əməkdaşlıqdır. Buraya ticarət, turizm və qarşılıqlı fayda verə biləcək digər sahələr daxildir. Məsələn, turizm sektorunun inkişafı baxımından Azərbaycanla Əlcəzair arasında geniş əməkdaşlıq imkanları var. Əlcəzair azərbaycanlı turistlər üçün maraqlı istiqamətlərdən biri hesab oluna bilər. Eyni zamanda, əlcəzairli turistlər üçün də Azərbaycan cəlbedici məkan kimi diqqət çəkir.

Tarixə nəzər salsaq görərik ki, Əlcəzairdə neft yataqlarının kəşfiyyatı prosesində Azərbaycan neftçiləri yaxından iştirak ediblər. Azərbaycan alim və mütəxəssisləri Əlcəzairdə bir çox yataqların kəşfində mühüm rol oynayıblar. Hətta Azərbaycanda neft kəşfiyyatı sahəsində tətbiq olunan üsullar sonradan Əlcəzairdə də uğurla sınaqdan keçirilib.

Eyni zamanda, iki xalq arasında mədəni müstəvidə oxşarlıqlar var. Hər iki xalq tarix boyu işğal və soyqırımı faciələri yaşayıb. Əlcəzair uzun illər Fransa müstəmləkəsi olan, bu dövrdə yerli xalqa qarşı kütləvi soyqırımlar törədilib. Oxşar taleyi Azərbaycan xalqı müxtəlif tarixi mərhələlərdə yaşayıb. Maraqlıdır ki, vaxtilə Azərbaycanda törədilən soyqırımlarda iştirak edən bəzi şəxslər Fransanın müstəmləkələrində fəaliyyət göstərən hərbi və terror düşərgələrində təlim keçmişdilər.

Bütün bu amillər göstərir ki, Azərbaycanla Əlcəzair arasında dərin və güclü bağlar mövcuddur. Məhz bu bağlar üzərində iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu kontekstdə xarici işlər naziri Ceyhun Bayramovun Əlcəzairə səfərini xüsusi qeyd etmək lazımdır. Bu səfər, qeyd etdiyim kimi, mövcud tarixi və mədəni bağlar üzərində qurulan siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır və gələcək əməkdaşlıq üçün mühüm hazırlıq mərhələsi kimi dəyərləndirilə bilər.

Musa BAĞIRLI
XQ

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr