AZ

Dünya miqrantlar üçün daraldılır, Azərbaycanda isə...

Dünyanın bir çox ölkəsində miqrantlarla bağlı vəziyyət gərginləşib. Hər yerdə sərhədlər bağlanır, qaydalar sərtləşdirilir, vizalar çətinləşir. İnsanlar isə daha yaxşı həyat arzusu ilə öz ölkələrini tərk etmək üçün hər vasitəyə əl atır. Qanunsuz yollarla, qaçaqmalçıların köməyi ilə dənizdə və ya səhralarda həyatlarını riskə ataraq.

Birləşmiş Krallıq hökumətinin məlumatına görə, 2024-cü ildə 44 min nəfər Britaniya ərazisinə qanunsuz daxil olmağa cəhd edib. Onların çoxu Fransa sahillərindən kiçik qayıqlarla La-Manş boğazını keçməyə çalışıb. Bu rəqəm Avropada illərdir artmaqda olan qeyri-qanuni miqrasiya dalğasının miqyasını göstərir.

Amma sual yaranır: bu təhlükəli prosesin Azərbaycana təsiri varmı?

Azərbaycan uzun illərdir ki, həm miqrantların mənzil, həm də tranzit ölkəsinə çevrilib. Şərqdən, Orta Asiyadan və cənub istiqamətindən gələnlər Avropaya çıxış yolunu məhz Bakı üzərindən axtarırlar.

Rəsmi məlumatlara görə, 2023-cü ildə 6 min 300-dən çox qanunsuz miqrant ölkə ərazisində saxlanılıb, onlardan 2 min 331 nəfər deportasiya olunub. Bu il - yəni 2025-ci ilin ilk dörd ayında isə 2 min 754 nəfər qanunsuz yaşayış, qeydiyyatsız qalma və iş rejimini pozma halları ilə saxlanılıb. Dövlət Miqrasiya Xidmətinin (DMX) son statistikası göstərir ki, yalnız ilin ilk yarısında 9 min 700-dən çox inzibati qərar qəbul olunub. Bu ilin 9 ayının statistikasına görə, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına görə 17446 qərar qəbul edilib. Bu rəqəmlər “qaçaq yolla sərhədi keçənlər” qədər, ölkədə qalma müddətini pozan, sənədsiz fəaliyyət göstərən şəxsləri də əhatə edir.

Son illər Azərbaycan sərhədlərində də saxtalaşdırılmış sənədlərlə keçmək cəhdləri artıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2024-cü ildə dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 500, axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb. Bu ilin oktyabrı ayında isə qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb.

Ekspertlər bildirir ki, miqrantların bir qismi Azərbaycana “iş tapmaq” məqsədilə gəlir, amma bir hissəsi ölkəni tranzit məntəqə kimi istifadə edir. Ən çox cəhdlər İran, Pakistan, Banqladeş, Hindistan və Şri-Lanka vətəndaşları tərəfindən edilir.

Belə hallarda “köməkçilər” - yəni beynəlxalq miqrant qaçaqmalçılığı şəbəkələri - əsas rol oynayır. Onlar insanları saxta sənədlərlə təmin edir, keçid marşrutlarını təşkil edir və bunun müqabilində minlərlə dollar tələb edirlər.

Niyə bu qədər adam həyatını riskə atır?

Qlobal səbəblər məlumdur: yoxsulluq, işsizlik, iqlim dəyişiklikləri, müharibələr və qeyri-sabitlik. Amma başqa bir səbəb də var - qanuni miqrasiya imkanlarının kəskin məhdudlaşdırılmasıdır. Bir çox ölkələr artıq “miqrant qəbulu” siyasətini sərtləşdirib. Bu da “arzuolunan ölkəyə” getmək istəyənlər üçün yeganə çıxış yolunu - qanunsuz keçidi saxlayır.

Beynəlxalq təcrübə göstərir ki, bu cür hallar təkcə sosial və iqtisadi səbəblərlə bağlı deyil. Qanunsuz miqrasiya həm də transmilli cinayət şəbəkələrin, insan alveri ilə məşğul olan qrupların və qaçaqmalçıların gəlir mənbəyinə çevrilib. Bir çox hallarda insanlar həyatlarını təhlükəyə ataraq, bütün var-dövlətlərini bu şəbəkələrə verirlər.

Azərbaycan da bu tendensiyadan kənarda deyil. Dövlət sərhəd orqanları mütəmadi olaraq beynəlxalq partnyorlarla əməkdaşlıq çərçivəsində qaçaqmalçılıq və qeyri-qanuni miqrasiya hallarına qarşı əməliyyatlar keçirir.

Azərbaycanda Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi bu sahədə nəzarəti gücləndirib. Ölkədə qanunsuz miqrantlara qarşı operativ tədbirlər keçirilir, qeydiyyatsız qalanlar aşkarlanır, cərimə və deportasiya qərarları qəbul olunur.

2024-cü ilin 9 ayı ərzində DMX tərəfindən 16 min 500-dən çox inzibati qərar verilib. Bu, rekord göstərici sayılır. Eyni zamanda Azərbaycan qanuni miqrasiya sistemini sadələşdirməyə və rəqəmsal nəzarəti artırmağa çalışır.

Əcnəbilər üçün “ASAN Viza” sistemi, elektron qeydiyyat və biometrik izləmə bu məqsədə xidmət edir.

Ekspertlərin fikrincə, qanunsuz miqrasiya təkcə təhlükəsizlik riski deyil, həm də sosial və iqtisadi yüklə nəticələnə bilər. Bir tərəfdən nəzarətsiz daxil olan şəxslərin kimliyi və məqsədi məlum olmur. Digər tərəfdən, bu insanlar çox vaxt ucuz işçi qüvvəsi kimi istismar olunur, vergidən yayınır, sosial balansı pozur.

Bu gün dünyanın hər yerində “miqrasiya böhranı” təkcə iqtisadi yox, həm də siyasi silah kimi istifadə olunur. Avropa dövlətləri öz sərhədlərini “divarlarla” qorumağa çalışır, amma insan axını dayanmaq bilmir. Azərbaycan isə bu prosesdə həm tranzit ölkə, həm də miqrantların yeni hədəfi kimi diqqət mərkəzinə düşür.

Qanunsuz miqrasiya bu gün dünyanın ortaq problemidir. Avropadan Afrikaya, Asiyadan Amerikaya qədər hər bir region bu təhdidlə üz-üzədir. Azərbaycan isə sərhəd təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığa verdiyi önəmlə regionda bu sahədə ən sabit və idarəolunan model təqdim edir.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının “Missing Migrants Project” hesabatına əsasən, 2023-cü ildə 8 565 nəfər miqrasiya yollarında həyatını itirib. 2024-cü ildə bu göstərici daha da artaraq 8 938 ölüm səviyyəsinə çatıb. Ən çox ölüm halları Aralıq dənizi, Asiya və Afrika marşrutlarında qeydə alınıb.

Avropa İttifaqının (Eurostat) məlumatlarına görə, 2023-cü ildə Avropa ölkələrində 1,3 milyon qeyri-AB vətəndaşı “qanunsuz olaraq ölkədə olan” kateqoriyasına daxil edilib. Bu, əvvəlki illə müqayisədə 13 faiz artım deməkdir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Seçilən
21
musavat.com

1Mənbələr