AZ

XALQ ARTİSTİ GİLEYLİDİR: “Sənət ruhumu öldürürlər”

 İnsanlar var ki, onlar yalnız sənət üçün doğulurlar.  Ömrünü sənətə fəda edən, teatrı isti yuvası qədər sevən xalq artisti Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Fatma Mahmudova da sözün əsl mənasında sənət fədaisidir. 70 illik mənalı ömrünün 57 ilini teatra həsr edən sənətkarın tək gözləntisi diqqət, qayğı və sevgidir.

-Fatma xanım, Ağdam kimi mühafizəkar  bir rayonda yaşamısınız. Aktrisa kimi  fəaliyyət göstərmək sizə çətin idi?

- Əlbəttə, qızım. Ora Ağdam idi, Ağdam... Akrtisa olduğum üçün sinif yoldaşlarım, mətkəb direktoru, müəllimlər mənimlə danışmırdılar. Məktəbli olanda 5 məktəb dəyişmişəm. Hamı pis gözlə baxırdı ki, mən artistəm. Evdə heç kəs məni dindirmirdi. Amma bütün bu çətinliklərə rəğmən mən bu yolu seçdim. Aktrisa oldum. Çox çətinliklər gördüm. Mənəvi çətinliyim maddi çətinliklərimi kölgədə qoyurdu. Ağdamda aktrisa kimi teatr səhnəsinə çıxmaq hünər tələb edirdi. Anam barmaqlarıma dağ basırdı ki, teatra getməyim. Amma yenə də gedib rol oynayırdım.

-Ağdam işğalda olduğu dönəmdə  hansı günlər üçün darıxırdınız? Yəni Ağdamda nə var idi ki, onu Bakıda hiss edə bilmirdiniz?

-Hə, Tofiqli günlərim üçün çox darıxıram. Ömür-gün yoldaşım, Əməkdar artist, Azərbaycan teatr sənətinin əvəzolunmaz aktyorlarından biri Tofiq Qarayevin yeri görünür. Onunla Ağdam teatrının səhnəsində tüğyan etdiyimiz günlər üçün çox darıxıram. Məni çox incitsə də, amma onlu günlər üçün elə darıxıram ki… (ağlayır)

Baxmayaraq ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çox sayda rollarım olub, amma Ağdam teatrında Tofiqlə tərəf müqabili olduğum tamaşalar mənim üçün əvəzsizdir.  O tamaşalardan aldığım zövqü heç bir tamaşadan almadım. Çünki orda Tofiq var idi. Elə həmin tamaşalar üçün darıxıram.

-Fatma xanım həmkarlarınızdan kimlər sizi ziyarət edir?

-  Elməddin Cəfərov, Ələkbər Əliyev, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə məni xəstə olduğum vaxtda axtardılar. Sağ olsunlar. Amma, qızım İntizar həmişə deyir ki, ana, sənin bu çətin  zamanında Lalə Azərtaş mənə ana, Əliqismət Lalayev isə ata oldu. Doğru deyir, Əliqismət müəllim də, Lalə xanım də mənə böyük kömək etdilər. Çox dəstək oldular.Mədəniyyət naziri Adil Kərimli, teatrımızın keçmiş və indiki rəhbərliyi mənə  çox diqqət göstərdilər. Onlardan çox razıyam.

- Prezident İlham Əliyev Ağdamda  incəsənət xadimləri ilə görüşdü. Sizi o sıralarda görmədik…

-Qızım, bu barədə geniş danışacam. Əvvəla, onu deyim ki, mən Xalq artisti fəxri adını  Ulu Öndər Heydər Əliyevin imzası ilə almışam. Prezidentimiz İlham Əliyevdən və Mehriban xanım Əliyevadan həmişə diqqət, qayğı görmüşəm. Bir aktrisa kimi həmişə məni dəyərləndiriblər. Ancaq bir məqam məni çox incidir. Ağdam rayonunun icra başçısı Vaqif  Həsənovdan çox gileyliyəm. Mənim də arzum idi vətənimdə prezidentimlə görüşüm, onun əlini sıxım, amma o siyahıda adım yox idi.  57 il Azərbaycan teatr sənətinə töhfələr vermiş Xalq artisti Fatma Mahmudovanı ora çağırmadılar. Niyə? Axı mən də ağdamlıyam. Niyə o görüşdə olmayım?! Digər rayonlarımızın icra başçıları deyirlər ki, Fatma xanım, sizə yubiley tədbiri keçirək. Amma təəssüf ki, bu diqqəti icra başçımızdan görmürəm. Mən ağdamlıyam. Niyə Ağdamda tamaşçılarla görüşüm olmamalıdır, niyə orada yubileyim qeyd olunmamalıdır?  . İncəsənət adamının ən böyük istəyi diqqətdir, qayğıdır.

Birinci Qarabağ savaşında səngərlərdə əsgərlərimizlə çiyin- çiyinə olan sənət adamı mən idim. Niyə Ağdamın  bu xoş günündə orda olmayım?  Bu cavabsız suallarım mənim səhhətimdə ciddi problemlər yaratdı.  Axı mən bu diqqətsizliyə layiq deyiləm.

Ağdama gedəndə icra başçısı ilə görüşmək istədim, amma nədənsə mənə zaman ayıra bilmədi. 

Nə yaxşı Ulu Öndər Heydər Əliyev bu hakimiyyətə gəldi. Mən onun hakimiyyəti dövründə diqqət- qayğı gördüm.  Bu gün də mən Ulu Öndərin verdiyi o çörəyi yeyirəm. 

Mən itib-batmalı sənətkar deyiləm. Mən səngərlərdə canımı qoymuşam. Cavanlığım o müharibə olan yerlərdə keçib. Müharibə veteranıyam. İlk dəfə ermənilərin hədəfi mən olmuşam. Ağdamda terrorun ilk qurbanlarından biri olmuşam.  Avtobusda mina partlayıb, həmin avtobusda mən də olmuşam. Orda ağır stress keçirmişəm.  Bu yaşadıqlarımdan sonra yenə də səngərə qayıtdım. Çox ümid edirdim ki, yubileyim yüksək səviyyədə qeyd olunar, təltif olunaram. Düşünürəm ki, bu gözləntim normaldır. İncəsənət adamıyam axı.  Məgər mən “Şöhrət” ordeninə layiq sənətkar deyiləm? Ömrünün 70 ilini geridə qoymuş bir aktrisa kimi mənim haqqımdır.

Prezidentimiz Ağdama səfər edəndə mən də orda olsaydım, sözümü ona deyərdim. İnanıram ki, bir sənətkar kimi mənə diqqət ayırardı.

-Bu qədər ayrı-seçkiliyin səbəbin nədə görürsünüz?

- İncəsənət adamı diqqət istəyir, təəssüf ki, Ağdam rayon rəhbərliyindən bu doğma münasibəti görmürəm. Mədəniyyət işçilərinə isə xüsusi diqqət- qayğı göstərilməlidir. Çünki bu onların tək qazancıdır. Diqqətsizlik aktyorun sənət ruhunu öldürür.

Düşünürdüm ki, yubileyimdə zəng etməsə də, xəstələnəndə yəqin mənimlə maraqlanacaq. Amma gümanım elə güman olaraq da qaldı.
Xəstə adam heç kəsə lazım olmur, qızım. Mən deyirəm ki, ölümdən qorxmuram. Amma ölməyə də  utanıram. Mənim iki qızım var. Onlar mənimlə yaşayırlar.  Möhtərəm prezidentin hədiyyə etdiyi evdə yaşayırıq. Evimiz natamam təmirlidir.  Mən aktrisayam, qazancım tamaşaçı alqışıdır. Başqa bir yerdən dəstəyim yoxdur ki, maddi problemlərimi qarşılayım.

-Sağalıb səhnəyə qayıdan kimi hansı rolu oynamaq istəyirisniz?

-Hər bir aktrisanın oynamaq istədiyi rol olur. Mən də komediya janrında maraqlı bir əsərə müraciət edib, həmin tamaşa ilə yubileyimi keçirmək istəyirəm.

-Ən böyük arzunuz nədir?

-Ən böyük arzum “Söhrət” ordeni  və ya “Heydər Əliyev” mükafatına layiq görülmək. Çox istəyərdim ki, bu iki şərəfli addan birinə sahib olum. Mən sənətimlə, fəaliyyətimlə buna layiqəm.

-Ağdam işğaldan azad olunub və  quruculuq işləri aparılır. Ağdam teatrı yenidən şəhərdə öz yerində bərpa olunandan sonra  aktrisa kimi orada səhnəyə çıxarsınız?

- Ağdam bütövlükdə bir sənət ocağıdır. Teatrı öz isti yuvam kimi sevirəm. Ağdam teatrı mənə doğmadır. Nə gözəl xatirələrim var orda.  Əgər sənətə və sənətkara  diqqət və qayğı görərəmsə , əlbəttə, öz doğma yurdumda  teatr adlı bir məbədin səhnəsindən tamaşaçı alqışı almaq mənə qürur verər.

Amma təəssüf ki...

Cavanlığımda oynadığım  obrazları gənc aktrisaların ifasında Ağdam teatrının səhnəsində tamaşaçı kimi izləmək mənə ruh verər.


Əntiqə Kərimzadə

Seçilən
4
1
adalet.az

2Mənbələr