AZ

Azərbaycan elminin yol xəritəsi

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tədbirində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizn elm adamlarının gələcək fəaliyyəti üçün yol xəritəsi mahiyyəti daşıyır. İqdisadi, siyasi, humanitar və texnoloji sahədə dövlətin elm adamlarından gözləntilərini açıqlayan Prezident İlham Əliyev Azərbaycanda elmin inkişafına daim yüksək diqqət və qayğı göstərdiyini açıqlayıb. Ölkə rəhbəri Qərbi Azərbaycan məsələsinə xüsusi vurğu edib.

Hafta.az xəbər verir ki, dövlət başçısının çıxışı həm elm adamları, həm də ictimai-siyasi kəsim tərəfindən birmənalı olaraq dəstəklənir.

Sevil Mikayılova, deputat:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində etdiyi çıxış həm elmi ictimaiyyət, həm də bütövlükdə Azərbaycan cəmiyyəti üçün strateji proqram xarakteri daşıyır. Bu nitq, əslində, ölkənin gələcək inkişaf konsepsiyasının elmi əsaslara söykəndiyi, elmin artıq yalnız nəzəri deyil, praktik və milli təhlükəsizlik baxımından da mühüm dayağa çevrildiyi bir mərhələnin manifestidir. Dövlət başçısının vurğuladığı kimi, Akademiya 80 il ərzində müxtəlif ictimai-siyasi dövrləri keçsə də, Azərbaycan elmi daim milli inkişafın aparıcı qüvvələrindən biri olmuşdur. Bu, həm elmi ənənələrin gücündən, həm də dövlətin elmə göstərdiyi diqqətdən qaynaqlanır. Prezident İlham Əliyev nitqində xüsusilə Ulu Öndər Heydər Əliyevin elmin və alimlərin inkişafına verdiyi töhfələri qeyd etdi.

1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması və elmə ayrılan maliyyə vəsaitinin artırılması, Azərbaycan elminin əsas dayaqlarını formalaşdırdı. Ən mühüm istiqamətlərdən biri isə gənclərin təhsili və intellektual potensialın gücləndirilməsi idi – minlərlə azərbaycanlı gəncin SSRİ-nin və dünyanın aparıcı ali məktəblərinə göndərilməsi, sonradan müstəqil Azərbaycanın elmi və texnoloji kadr bazasının formalaşmasına xidmət etdi.

Bu gün də onminlərlə azərbaycanlı gəncin dünyanın qabaqcıl universitetlərində təhsil alması və Vətənə dönərək inkişaf prosesinə qoşulması, Heydər Əliyev irsinin canlı davamıdır.

Son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artıb, elmi müəssisələrin maddi-texniki bazası yenilənib, yeni binalar və infrastruktur yaradılıb. Bu, dövlətin elmə davamlı dəstəyinin və Heydər Əliyev siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinin göstəricisidir. Azərbaycan son on ildə həm iqtisadi, həm də siyasi sahədə böyük nailiyyətlər əldə edib, ən mühüm nəticə isə ərazi bütövlüyünün və tam suverenliyin bərpası olub. Bu Qələbə Azərbaycanın milli gücünü, idarəçilik qabiliyyətini və intellektual potensialını nümayiş etdirir. Nitqin əsas strateji mesajı isə texnoloji inkişafın prioritet elan olunmasıdır. Prezident bildirdi ki, müasir dünyada ölkələrin gücü onların texnoloji imkanları ilə ölçülür və bu sahədə Azərbaycan alimlərinin fəal iştirakı zəruridir. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, tükənməz sərvət xalqın intellektual potensialıdır, ona görə də təbii resurslardan əldə olunan gəlirlər insan kapitalına və elmə sərmayə kimi yönəldilməlidir.

Prezident İlham Əliyevin süni intellekt barədə söylədiyi fikirlər isə Azərbaycanın yeni texnoloji mərhələyə keçdiyini göstərir. O, bu sahənin ölkənin gələcək inkişafının ayrılmaz hissəsi olduğunu qeyd edərək alimləri bu prosesdə daha fəal olmağa çağırdı. Çıxışın əsas ideyası ondan ibarətdir ki, Azərbaycanın gələcək inkişafı elm, texnologiya və intellektual güc üzərində qurulmalıdır.

Nitqin iqtisadi blokunda Azərbaycanın güclü və dayanıqlı iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun artan rolu, 80 milyard dollardan çox valyuta ehtiyatı və aşağı xarici borcu ölkənin müstəqil siyasət yürütməsi üçün möhkəm əsas yaradıldığı vurğulanıb. Bu iqtisadi güc həm azad edilmiş ərazilərin sürətli bərpasına, həm də müdafiə potensialının gücləndirilməsinə xidmət edir. Dövlət başçısının bərpa olunan enerji və geoloji tədqiqatlar barədə fikirləri isə Azərbaycanın gələcək iqtisadi modelinin təmiz enerji və yerli resursların səmərəli istifadəsi üzərində qurulduğunu göstərir.

Prezident İlham Əliyev Azərbaycan tarixinin elmi əsaslarla tədqiqi, tarixi torpaqlarımızın öyrənilməsi və toponimlərin bərpası, eləcə də Azərbaycan dilinin saflığının qorunması məsələlərinə toxunaraq, bunları milli kimliyin əsas dayaqları kimi səciyyələndirib.

Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, xalqın milli kimliyinin, mədəni varlığının və dövlət müstəqilliyinin təməlidir. O, dilin yad sözlərdən qorunmasının, təmiz və ədəbi formada işlədilməsinin hər bir vətəndaşın borcu olduğunu bildirir. Prezidentin fikrincə, dilin saflığının pozulması təkcə dil məsələsi deyil, milli kimliyin zəifləməsinə aparan təhlükəli prosesdir. Bu səbəbdən o, alimləri, yazıçıları, jurnalistləri və ictimai xadimləri Azərbaycan dilinin qorunması işinə daha ciddi yanaşmağa çağırır.

Xanlar Fətiyev, deputat:

- Zəngin keçmişi və böyük uğurları olan Azərbaycan elmi də daim müasir çağırışlarla ayaqlaşmalı, öz işini dövrün tələblərinə uyğun qurmalıdır. Bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində söylədiyi nitqində səsləndirdiyi fikirlər Azərbaycan elminin qarşısında çağdaş qlobal inkişaf tendensiyalarından irəli gələn vəzifələrin müəyyən olunması baxımından təkmil yol xəritəsi oldu.

Azərbaycanda elmin inkişafından bəhs edərkən Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini də xüsusi vurğulamalıyıq. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində qeyd etdiyi kimi, hələ ötən əsrin 70-ci illərində Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanı Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin oxumaq üçün keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi də respublikamızın elmi potensialını yüksəltmişdi. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan ictimaiyyəti ilə ilk görüşü də 1993-cü ildə Milli Elmlər Akademiyasında keçirilmişdi və bu Ulu Öndərin ziyalıların cəmiyyətindəki yerinə və roluna verdiyi böyük dəyərin göstəricisi idi.

Azərbaycanın dinamik inkişafı ilə səciyyələnən müasir dövr həm də elmi yüksəliş mərhələsi kimi xarakterizə edilir. Bunun da səbəbi respublikamızda elmin inkişafı üçün güclü siyasi iradənin mövcud olmasıdır. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ənənələri davam etdirən Prezident İlham Əliyev respublikamızın elmi potensialının qorunmasını və daha da inkişafına nail olunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Azərbaycanın genişlənən maliyyə imkanlarının nəticəsi olaraq hər il dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin də həcmi artırılıb.

Bu dövrdə respublikamızda elmin inkişafı üzrə Milli Strategiya qəbul edilib, “Elm haqqında” qanun qəbul olunub. Bu sahədə icra edilən Dövlət Proqramı elmi inkişafa böyük təkan verməklə, fundamental dəyişikliklərə səbəb olub. Elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının gücləndirilməsi də elmin inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin uğurlu icrasına yol açıb. O cümlədən 2009-cu ildə Elm Fondunun yaradılması ölkəmizdə elmin inkişafına göstərilən qayğının mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevin kibertəhlükəsizlik, hərbi sənaye, bərpaolunan enerji ilə bağlı toxunduğu məqamlar də müasir dövrün inkişaf tendensiyaları ilə səsləşən məsələlərdir. Ölkəmzin bu sahələrdə uğur qazanması texnoloji inkişafdan və elm adamlarının töhfələrindən əhəmiyyətli dərəcədə asılıdır.

Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir daha göstərdi ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir və respublikamızın inkişafında bundan sonra da elmin yaxından iştirakına, elmi nailiyyətlərin iqtisadiyyata praktik tətbiqinə xüsusi diqqət ayrılacaq.

Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat:

- Ermənistan-Azərbaycan münasibətlərində Ermənistanın indiki Baş naziri ölkəsini və xalqını on illərdir içində olduqları fəlakət girdabından çıxarmaq üçün davamlı səylər göstərir. Bunu erməni ictimaiyyətinə çatdırmaq və başa salmaq çox çətindir. Bu, təəccüblü deyil. Uzun illər boyu onlara mifik yalanlarla “dünyanın ən qədim və ən ali irqi” olduqları təbliğ edilib, yəni, aldadılıblar. İndi həmin topluma bu iddiaların uydurma olduğunu başa salmaq mümkün olmur. Qərbi Azərbaycan məsələsinin diplomatik həllində əsas çətinlik də məhz buradan qaynaqlanır. Təəssüf ki, bu, bəzi revanşist qüvvələrə sərf etmir. Barış olsa, Robert Köçəryan və Serj Sarkisyan kimi şəxslər siyasi mövqelərini itirəcəklər, amma zaman bu məsələnin həllini özü göstərəcək.

Qərbi Azərbaycan məsələsinin müsbət həlli, yəni Qərbi Azərbaycan qaçqınlarının doğma evlərinə geri qayıtmaları bölgəyə dayanıqlı və əbədi sülhün gəlməsi deməkdir. Bu iki xalqın birgəyaşayışı həmin sülhün yeganə və ən etibarlı qarantıdır. Gəlin açıq danışaq: mənim geriyə qayıdış hüququm təmin olunmasa, mən erməni ilə barışa bilərəmmi? Axı o torpaqlarda mənim əcdadlarımın məzarları var. O torpaqlarda mənim uşaqlığım, gəncliyim və həyatımın bir parçası qalıb və mən tək deyiləm. Mənim kimi yüz minlərlə insanlar var. Babaları 100 il bundan əvvəl Arazı keçib İğdıra, Qarsa gedənlərin övladları bu gün baba yurdları barədə danışanda gözləri dolur, dodaqları əsir. Ata-baba yurdlarının, əslinin-kökünün adını soyadlarında daşıyırlar: Abbas Gökçə, Cantürk Alagöz, Şamil Ayrım, Murtaza Qaraçanta və daha yüzlərlə, minlərlə digər insan... Belə olan şəraitdə mənim kimi qaçqınların hər gün nələr çəkdiyini təsəvvür edə bilirsinizmi? Əgər Qərbi Azərbaycan məsələsi sülh razılaşmalarına daxil olarsa, hesab edirəm ki, iki xalq arasında anlaşma daha sürətlə baş verəcək.

Biz Qərbi Azərbaycana qayıdış uğrunda kortəbii mübarizə aparmırıq. Bu mübarizənin öz konsepsiyası var və biz də həmin konsepsiyanın prinsiplərinə tam şəkildə əməl edirik. Konsepsiyada qayıdışımızın bütün detalları əks olunub və heç bir mərhələdə Qərbi Azərbaycan İcmasının rolu dəyişdirilə bilməz. Bizim bir məqsədimiz var: elimizə, evimizə mütləq qayıtmaq!

Seçilən
7
3
hafta.az

5Mənbələr