AZ

Ermənilərin “torpaq oğrusu xofu”: Paşinyanın qaçış strategiyası

Paşinyan və ümumiyyətlə ermənilərin təhtəlşüurunda “torpaq oğrusu” qorxusu mühüm rol oynayır.

N.Paşinyanın davranış nümunəsi, əvvəl razılıq vermək, təmtəraqlı sözlərlə razılaşmanı elan etmək, sonra isə həmin razılaşmaya qarşı təxribatlar aparmaq onun idarəetmə stilinə xasdır. Bəlkə bu, tarixi köklərdən, bəlkə də etnik yaddaşdan qaynaqlanır. Məsələn, Rusiya ilə razılaşma əldə edildikdən sonra o, S.Lavrovla birlikdə əldə olunmuş razılaşmanı pozub. Hətta A.Mirzoyanın bildirməsinə görə, Bakı Zəngəzur koridorunu, yəni qalan Azərbaycandan Naxçıvana gedən yolun Rusiya sərhədçiləri tərəfindən qorunmasına razı olmuşdu. Məqsəd Naxçıvana yolun açılması idi. Lakin N.Paşinyan və Rusiya bu variantı pozdular.

Aİ Şurasının sabiq prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Paşinyan qalan Azərbaycan ilə Naxçıvan arasındakı Zəngəzur koridorunun tikilməsinə razılıq verdi. Ş.Mişelin arqumenti belə idi: Mehri dəmir yolunun tikintisi iki il davam edəcək, amma siyasi məsələləri iki günə həll etmək mümkündür. Paşinyan bu arqumentlə razılaşdı, lakin sonradan Ş.Mişelin və digər Avropa rəsmilərinin iştirakı ilə əldə olunan bu razılaşmanı da pozdu. Hər gün Avropa İttifaqının müxtəlif rəsmiləri Paşinyan və erməni rəsmilərlə əlaqə saxlayırlar, lakin indiyədək buna irad bildirən olmayıb.

Paşinyan avqustun 8-də Vaşinqtona gedərkən “Tramp koridoru”na, yəni qalan Azərbaycan ilə Naxçıvan arasındakı 32 km-lik yolun tikilməsinə razı idi və bunu ABŞ şirkətlərinin həyata keçirəcəyini, Ermənistan şirkətlərinin nəzarətdə iştirak etməyəcəyini qəbul etmişdi. Lakin indi o, bu razılığı pozur. Bu prosesdə Rusiya və İran da öz mövqelərini ortaya qoyur. Ermənistanın suverenliyi ilə bağlı məsələlər gündəmdədir. ABŞ isə əldə olunmuş razılaşmanın yerinə yetirilməsində israrlı görünür.

ABŞ və Aİ regionda qalmaq və işləmək istəyirlərsə, tarixi aspektləri nəzərə almalıdırlar. Bu ərazi çar Rusiyasının siyasi və demoqrafik qaydada dəyişdirdiyi regiondur. Tarixi proseslər nəticəsində Osmanlı imperiyasından və İran ərazisində qalmış Azərbaycan hissəsindən ermənilərin çar Rusiyasının tərkibinə köçürülməsi nəticəsində burada “kiçik Ermənistan” və daha sonra “Şərqi Ermənistan” adlı inzibati vahidlər formalaşdırılıb.

Çar Rusiyasının erməniləri bu regiona köçürməsi nəticəsində Azərbaycanın, eləcə də sovet dövründə Gürcüstanın əraziləri azaldılıb, ermənilərin məskunlaşdığı ərazilər artıb. Bu kontekstdə N.Paşinyan daxil bütün ermənilərin təhtəlşüurunda “torpaq oğrusu” qorxunun yerləşdiyini qeyd etmək olar.

Ermənilərin Azərbaycana, Türkiyəyə və ümumiyyətlə regiona münasibətini məhz torpaq iddiası və “oğurluq” narahatlığı müəyyən edir. Buna görə də Paşinyan üçün Ermənistanı Azərbaycan və Gürcüstandan müəyyən mənada “uzaqlaşdırmaq” vacibdir, ona görə ən uyğun yol Türkiyəyə doğru hərəkətdir.

Erməni təfəkküründə Osmanlı dövründə 1,5 milyon erməninin “qırıldığı” iddiası mövcuddur. Paşinyanın isə bu iddia irəli sürən dövlətə doğru meyl etməsi müşahidə olunur. Azərbaycanla müharibədə isə maksimum 25 min erməni itkisinin olduğu hesab edilir. Beləliklə, Ermənistanla Azərbaycan arasında münasibətlər düşmənçilik xarakteri daşıyır, bu, paradoksal bir vəziyyətdir. Paşinyanın Türkiyə vasitəsilə Avropaya çıxmaq niyyəti bu kontekstdə başa düşülə bilər.

Türkiyə–Ermənistan münasibətləri Avropa üçün daha yaxşı tanışdır. Avropalıların gözündə N.Paşinyan “cəngavər” obrazı yaradır. Gerçəkdə isə o, Azərbaycan və Gürcüstanın torpaqları üzərində mövcud olmuş Ermənistanı Türkiyəyə doğru hərəkət etdirir. N.Paşinyanın məqsədi Cənubi Qafqaz regionunda uzunmüddətli mövcudluqdan çox, oradan “çıxmaq”dır. Çünki təhtəlşüurda mövcud olan torpaq oğrusu qorxusu erməniləri daim narahat edir.

Bu gün Ermənistanda aktiv iştirak edən Aİ və “Tramp koridoru” ilə məşğul olan ABŞ rəsmiləri bu psixoloji amili nəzərə almalıdırlar. Bu qorxunu həll etmədən Ermənistanın Cənubi Qafqaz dövləti olaraq qalmasını təmin etmək çətin olar. Cənubi Qafqaz mövqeycə kiçik, lakin strateji əhəmiyyətə malik bir regiondur. Burada yaranacaq xaos Mərkəzi Asiya ilə Avropa arasında əlaqəni poza bilər. Ona görə də regiondakı aktorlar bu tarixi və psixoloji kontekstləri nəzərə alaraq hərəkət etməlidirlər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 5 dəfə oxunub.
Seçilən
39
xezernews.az

1Mənbələr