Azərbaycanda fiziki şəxslərin kirayə gəlirlərinə tətbiq olunan gəlir vergisi dərəcəsi 14 faizdən 10 faizə endiriləcək. Bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.
İmanovun sözlərinə görə, dəyişiklik kirayə bazarının stimullaşdırılması və vergitutmanın şəffaflaşdırılması məqsədi daşıyır.
“Əksər hallarda vətəndaşlar kirayə gəlirlərini bəyan etmək istəmir. Bunun qarşısını almaq və könüllü bəyannamə təqdimatını təşviq etmək üçün dərəcənin azaldılması təklif olunur,” – o qeyd edib.
Yeni qaydalara əsasən, vətəndaşlar kirayə gəlirləri üzrə vergilərin ödənilməsini öz adlarından təyin etdikləri agent vasitəsilə həyata keçirə biləcəklər. Bu mexanizm həm şəffaflığı artıracaq, həm də kirayə münasibətlərinin rəsmiləşdirilməsini təşviq edəcək.
Rəsmi açıqlamaya görə, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi 2026-ci il yanvarın 1-dən qüvvəyə minəcək və bu dəyişiklik kirayə bazarında aktivliyi artırmaqla yanaşı, dövlət büdcəsinə sabit daxilolmaların təmin edilməsinə xidmət edəcək.
N.Təbrizli