AZ

Mediada aparılan pay bölgüsündə - "BELALTI" YAZILAR

Hazırda həbsdə olan Adnan Əhmədzadə haqqında sizlərə geniş məlumat verməyi düşünmürük. Bütün Azərbaycana məlumdur ki, sözügedən şəxs Dövlət Təhlükəsizlik Xidməti (qısaca - DTX) tərəfindən həbs edilib. Hətta hansı ittihamlara görə araşdırma aparıldığı da hər kəsə bəllidir. Güman edirəm ki, ittihamların üzərinə biraz da maddələr əlavə oluna bilər. Çünki yerli mediamız hər zaman olduğu kimi "yıxılana balta vurmağa" hazırdır. Dünənə qədər Adnan Əhmədzadənin baş hərflərini belə yaza bilməyən "mediaMIZ" bu gün onu top atəşinə tutur. Çünki əli qolu bağlıdır və artıq kimlər üçünsə qorxulu fiqur deyil.

Kommersant.az saytını özünüzə dost hesab bilin. Məhlənizdən dostunuz sizə məsələlərin mətbəxindən xəbər verir verirmiş kimi düşünün. Çünki saytımızda qərəz, yaltaqlıq, hansısa qüvvələrin sifarişi və ya tələbi ilə heç bir mövzu yazılmır və ya silinmir. Elə bu yazı kimi...

Dediyimiz kimi, Adnan Əhmədzadə azadlıqda olan zaman onun haqqında və hətta onun biznesləri və ya "SOCAR" haqqında yazı yazan xəbər portalları dərhal "hacker" hücumuna məruz qalırdı. Hücumlar o qədər güclü olurdu ki, bəzi kiçik xəbər saytları buna dözə bilmir və nəticədə "dağılırdı". Yaxşı pulu olan saytlar isə "İT" mütəxəssislərinin hesabına özlərini müvəqqəti qoruya bilirdi. A.Əhmədzadənin istəyi yerinə yetirilməyincə o sayta olan hücumların ardı-arxası kəsilmirdi. Unutmadan deyək ki, Əhmədzadənin bu hərəkətini çoxları keçmiş "SOCAR" prezidenti Rövnəq Abdullayevdən bilirdi. Çünki A.Əhmədzadə onu və onun biznesini də eyni üsulla müdafiə edirdi. İndi sözümüzün canı budur ki, A.Əhmədzadə həbs olundu və üzərində kifayət qədər ağır maddələr var. İndi onun adını hallandırıb müəyyən yazılar yazmağın, ona yeni ittiham irəli sürməyin mənasını dərk edə bilmirəm. Görəsən sözügedən şəxsin BOKT-ları, biznesləri haqqında yazmaqdan doymayan "mətbuatıMIZ" dünənə qədər niyə susurdu?

Hazırda Azərbaycan mətbuatının iki klana ayrıldığını sizlərə desəm, təəccüblənməyin. Məncə, bunu ilk dəfə eşidirsizinsə, o zaman bilənlər bilməyənlərə də bildirsin. Bu, yeni məlumat deyil, həmişə belə olub. Məsələn, iki klandan biri "SOCAR" digəri isə adminstrasiyada bəlli şəxsdir. Bu şəxs əvvəllər sözügedən qurumdakı şöbə rəhbəri Əli Həsənov idi. O vəzifədən azad olduğu gün "SOCAR" tərəfi olaraq adlandırılan A.Əhmədzadə Ə.Həsənovun kurasiya etdiyi media təşkilatlarını ələ ala bildi. Kuratorunu itirən bəzi saytlar da dərhal masaya oturub "bazarlıq" etməyə başladı. Sanki sayt rəhbərləri bu mövzuda yarışa girmişdilər. Hər kəs saytın maliyyəsinin dayanıb daha sonra bağlanmasından qorxurdu. İndi isə bu proses tam tərsi cərəyan edir. A.Əhmədzadə həbs olunub və digər tərəf də onun kurasiya etdiyi medianı topa, atəşə tutub. Məsələn, son günlər "Baku TV", "Report", "Oxu.az" və s. xəbər saytlarının ona aid olduğunu və bununla bağlı bəzi məlumatları gün üzünə çıxarırlar. Axı niyə?! Məgər bu kimə qaranlıq idi ki? Dünənə qədər "Meydan TV" və ya digər media orqanları bilmirdilər kim haranın kuratorudur? Niyə "Meydan TV" aldığı pullar haqqında danışmır? Guya Azərbaycanda başsız media var ki? Hər kəs ya o tərəf, ya da bu tərəfə xidmət edir. Digər yerdə qalan bir əlin barmaq sayını keçməyən saytlar isə reklam əsasında kiçik büdcələrlə başını dolandırır. Meydan TV-nin hazırladığı şəkili də aşağıya qoyaq ki, foto daha çox yayılsın və məqsədlərinə daha tez çatsınlar. Çünki bu kimi şəkil və məlumatlar sadəcə ürək bulandırır.

Azərbaycanda "başını" itirən xəbər saytlarının bir duruşu olduğunu düşünmürdüm. Təbii ki, A.Əhmədzadə həbs olunanadək. Əslində kurasiya etdiyi mətbuatı da içimdə alqışa tutdum. Çünki hələ də keçmiş rəhbərlərini satmayanlar var. Dediyim kimi axı bizdə yıxılana balta vurmaq adətdir. Məsələn, Ə.Həsənov uzun illər himayədarlıq etdiyi xəbər saytları onun vəzifədən azad olunmasını manşet xəbəri olaraq verdi. Daha sonra onun haqqında kiçik də olsa, xəbərlər paylaşmağa başladı. Nəticədə qarşı tərəfə "sizinlə masaya otura bilərik" mesajı verildi. O zaman da alınan alındı, satılan da satıldı. Daha bir misal isə lisenziyası ləğv olunan "Günaybank"ın keçmiş idarə heyətinin birinci müavini Emin Zeynalovun uzun illər pul verdiyi xəbər saytından zərbə alması idi. Onun bankdan pul oğurlamasını maliyyələşdirdiyi sayt manşetdə özəl xəbər kimi ilk dərc edən xəbər portalı idi. Ona görə də E.Zeynalovun atası Zakir Zeynalov xəbər saytının Koroğlu Rəhimov küçəsində yerləşən ofisinə hücum edib "mənim oğlumun pulu ilə onu vurursunuz?" deyib bütün kompüter və digər texnikaları sındırmışdı. Bu saytların adını çəkmirik ki, media savaşlarında "hoqqabazlıq" edən saytların səviyyəsinə düşməyək. Sözüm ona, indi A.Əhmədzadə rəhbərlik etdiyi media qurumları onun haqqında mənfi yazı yazmırsa, bu onların xain olmağına yox, tam tərsi sadiq olmaqlarına dəlalət edir. Ən azından mən belə düşünürəm. Demək ki, o saytlar Adminstrasiya tərəfinin himayədarlıq etdiyi xəbər portallarından daha sadiqdir.

"Meydan TV" kimi bəzi dırnaqarası müxalif yönümlü "mediaMIZ" guya bağlantı qurmağa da çalışıb. A.Əhmədzadənin "Global Media Group" arasında və Elnur Abdullayevlə olan əlaqələri qələmə alıb. Bəllidir ki, bu kimi yazılar adətən sifariş əsasında yazılır. Gülməli tərəfi isə sifarişçinin verdiyi məlumatları da doğru düzgün çatdırmamasıdır. Bu saytlar da yarımyamalaq məlumatları ilə guya araşdırma edib. Saytların yazdığına görə, A.Əhmədzadə E.Abdullayevə "krişalıq" edirmiş və buna görə də Abdullayev "SOCAR" qolunun nəzarət etdiyi mediaya nəzarət edə bilirdi. Hətta E.Abdullayevi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumu kimi də qələmə veriblər. Sifarişçiyə bildirək ki, E.Abdullayev Z.Məmmədovun baldızı oğludur. Ona görə də "dayı"sının hesabına Naqliyyatı İntelektual İdarəetmə Mərkəzininin (qısaca - NİİM) rəhbəri olub. Onun kurasiya etdiyi mətbuat isə təsəvvür edə biləcəyiniz qədər az deyil. Alt-alta yazsanız, bir neçə A4 vərəqinə ehtiyacınız olacaq.

Yekunda sözüm ona ki, A.Əhmədzadə nəzarətində olan media qarşı tərəfə keçənə qədər bu kimi "araşdırma" yazıları hələ çox qabağınıza çıxacaq. Hətta onlara aylıq verilən pullar, hansı saytın kimə və neçəyə satılması, "Report"un keçmiş rəhbəri Anarın Dubayda A.Əhmədzadə ilə nə işlər gördüyü və s. Hər kər tərəfindən bilinən bu məlumatları tirajlamaq isə iki tərəf arasında olan mübarizənin qırmızı xəttidir. Mübərizəni aparan tərəf "belaltı" vurmamalı və qırmızı xətti keçməməlidir. Ən azından mən belə düşünürəm.

Seçilən
22
kommersant.az

1Mənbələr