AZ

Orxan Nəzərli: “Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər islahatların növbəti mərhələsini əks etdirir”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

DVX rəisi bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər ölkəmizin iqtisadi siyasətində həyata keçirilən islahatların növbəti mərhələsini əks etdirir. Bu dəyişikliklər həm vergi inzibatçılığının sadələşdirilməsini, həm də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını hədəfləyir. Qlobal trendlər, rəqəmsal transformasiya və fiskal siyasətin dayanıqlılıq prinsipləri nəzərə alınmaqla hazırlanan bu təkliflər vergi ödəyicilərinin yükünün optimallaşdırılmasına və dövlət gəlirlərinin sabitliyinin təmin edilməsinə xidmət edir.

Hazırlanmış dəyişikliklər paketi 2026-cı ildən etibarən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb. Bununla yanaşı, təkliflər "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq dövlət büdcəsinin dayanıqlığının təmin edilməsi, strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin və kapital qoyuluşlarının artırılması hədəfləri nəzərə alınmaqla hazırlanıb. Layihədə ölkə Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələrək Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi, balıqçılıq və kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin genişləndirilməsi kimi tapşırıqlar da nəzərə alınıb. Təkliflər layihəsi həmçinin muzdlu iş üzrə mövcud vergi güzəştlərinin 2026-cı ildən sonrakı dövrə tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, idxaldan asılılığın azaldılması və daxili bazarın qorunması, vergi nəzarətinin və şəffaflığın artırılması, eləcə də qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsini nəzərdə tutur.

Layihə 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir. Layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və "kölgə iqtisadiyyatı" ilə mübarizənin gücləndirilməsindən ibarətdir.

Dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını – yerli avtomobil istehsalı, gəmiqayırma, neft-qaz sənayesi, dövlət - özəl sektor tərəfdaşlığı, balıqçılıq, kənd təsərrüfatı, ictimai iaşə və əmək bazarını əhatə edir. Bu istiqamətlər üzrə vergi siyasətinin çevikləşdirilməsi və güzəşt mexanizmlərinin tətbiqi iqtisadi aktivliyi artırmaq, ixrac potensialını genişləndirmək və dövlət gəlirlərinin sabitliyini qorumaq məqsədi daşıyır.

İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində regionların, xüsusilə Naxçıvan Muxtar Respublikasının və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin mərkəzləşdirilmiş qaydada uçota alınan iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanması bu bölgələrin investisiya cəlbediciliyini, ixrac potensialını və infrastruktur inkişafını daha da gücləndirəcək.

DVX rəisinin sözlərinə görə, daha bir sıra güzəştlər var ki, onlar da real iqtisadiyyata müsbət dinamika verəcək. Bunlar kənd təsərrüfatı üzrə güzəştlərin balıqçılıq məhsullarına şamil olunması, ictimai iaşə sahəsində nağdsız dövriyyəyə görə vergi güzəştlərinin tətbiqi, fiziki şəxslərin xaricdən əldə etdiyi dividendlərə vergi endirimi, media və dövlət sektoruna aid digər güzəştlərin müddətinin uzadılmasıdır.

Həmçinin avtomobil sənayesi üzrə yük və minik avtomobilləri üçün ƏDV güzəştlərinin verilməsi, kənd təsərrüfatı gübrələri və dövlət-özəl tərəfdaşlığı layihələrində ƏDV güzəştlərinin tətbiqi də nəzərdə tutulur.

Nəhayət, daha bir istiqamət vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin davam etməsi olacaq. Bu istiqamət nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödəmələrə münasibətdə ƏDV qeydiyyat limitinin 2 dəfə artırılması, "ƏDV geri al" mexanizminin tətbiqinin genişləndirilməsi, fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcələrinin endirilməsi, "üfüqi monitorinq" nəzarət sisteminin tətbiqi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi və vergi uçotunun şəffaflığının artırılması kimi tədbirləri əhatə edir.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin gözlənilən nəticələri və təsirləri barədə danışan DVX rəisi qeyd edib ki, layihənin dövlət büdcəsinə təsirləri aidiyyəti dövlət qurumları ilə birgə müzakirə edilib. Dəyişikliklərin nəticəsində dövlət büdcəsinə əlavə 623 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Digər dəyişikliklər isə daha çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək. Xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək. Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin, bərbər və gözəllik sahəsində xidmətlər üzrə "ƏDV geri al" mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək.

DVX rəisi "Sosial sığorta haqqında" Qanuna dəyişikliklər layihəsi barədə də bəzi məqamlara toxunub. Qeyd edilib ki, təklif olunan dəyişikliklər sosial sığorta sisteminin daha ədalətli və şəffaf şəkildə formalaşdırılmasını, həmçinin sahibkarlıq fəaliyyətinin təşviqini hədəfləyir. Layihə fərdi sahibkarların və müxtəlif fəaliyyət növləri üzrə sığortaedənlərin sosial sığorta öhdəliklərini optimallaşdırmaqla, dövlətin sosial müdafiə mexanizmlərini gücləndirməyə xidmət edir. Yeni modeldə sosial sığorta haqqının dövriyyədən hesablanması prinsipinə əsaslanmaqla minimum və maksimum hədlər müəyyən olunur ki, bu da həm yığım risklərinin qarşısını alır, həm də dövlətin gələcək maliyyə öhdəliklərinin balanslaşdırılmasına imkan yaradır.

Seçilən
13
11
vergiler.az

10Mənbələr