Azərbaycan futbolunda derbilərdə müxtəlif dövrlərdə 33 baş məşqçi çıxış edib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
İlk derbidə “Neftçi”ni Əhməd Ələsgərov, “Qarabağ”ı isə Nazim Mehrəliyev çalışdırıb.
“Neftçi” tarixində “Qarabağ”la oyunlarda 26 fərqli baş məşqçi meydana çıxıb, “Qarabağ” isə “Neftçi” ilə matçlarda 11 baş məşqçi ilə çıxış edib. Derbilərdə dörd baş məşqçi hər iki komandaya rəhbərlik edib: Qurban Qurbanov, Elxan Abdullayev, Ağasəlim Mircavadov və Böyükağa Ağayev.
Qurban Qurbanov derbilərdə ən çox – 67 matça rəhbərlik edib və bunlardan 65-ni “Qarabağ”la keçirib. Kazbek Tuayev isə “Neftçi”ni ən çox – 11 derbi oyununa çıxarıb.
Qurban Qurbanov və Ağasəlim Mircavadov hər iki komandayla derbi qələbəsi qazanmış iki baş məşqçidir. Qurban Qurbanov ümumilikdə 38 qələbə ilə liderliyi saxlayır, bunlardan 37-si “Qarabağ”la əldə edilib. Kazbek Tuayev və Böyükağa Hacıyev isə “Neftçi” ilə 4 qələbə ilə hamıdan öndədir.
Derbidə ən çox qarşılaşma Qurban Qurbanovla Arif Əsədov, həmçinin Qurban Qurbanovla Böyükağa Hacıyev arasında baş tutub – hər iki cütlük 10 dəfə üz-üzə gəlib. Qurban Qurbanovla Samir Abasovun növbəti dueli də 10-cu qarşılaşma olacaq və bu rekord yenidən təkrarlanacaq.
Qurban Qurbanovla Samir Abasovun komandaları bütün turnirlər nəzərə alınmaqla 40 dəfə qarşılaşıb. Bu oyunların 34-ü çempionat, 6-sı isə kubok matçlarıdır.
Qurban Qurbanovla Böyükağa Ağayev derbilərdə fərqli komandalarla üz-üzə gələn yeganə cütlükdür. 2006/20077 mövsümündə Qurbanov “Neftçi”də, Ağayev “Qarabağ”da, 2008/2009 mövsümündə isə Ağayev “Neftçi”də, Qurbanov “Qarabağ”da olub. İlk görüş 0:0 bitibsə, ikinci qarşılaşmada Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.