AZ

Kirayə gəlirlərinə tətbiq olunan vergi 14% dən 10% ə endirilir Bu dəyişiklik bazarı necə dəyişəcək?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə verilməsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi təklif olunur. Bu dəyişiklik Vergi Məcəlləsinə ediləcək yeni düzəlişlər paketində yer alıb. Məqsəd kirayə bazarının stimullaşdırılması və vergi intizamının gücləndirilməsidir. Burada iki mühüm istiqamət ön plana çıxır. Birincisi, artıq vətəndaşlara vergi uçotuna durmaq məcburiyyəti olmadan, gəlirlərini rəsmi şəkildə bəyan edib vergilərini ödəmək imkanı yaradılır. Bunun üçün qanunvericilikdə “agent mexanizmi” nəzərdə tutulur – yəni ev sahibi öz adından bu prosesi idarə edən, vergiləri hesablamaq və ödəmək səlahiyyətinə malik vasitəçi təyin edə biləcək. Bu, həm inzibati sadələşmə yaradır, həm də kirayə münasibətlərinin rəsmi uçota keçidini asanlaşdırır.İkincisi, kirayə gəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi bazarda real canlanma yaradacaq addımdır. Bu dəyişiklik, bir tərəfdən vətəndaşları leqallaşmaya təşviq edir, digər tərəfdən isə ümumilikdə kirayə bazarının stimullaşdırılmasına və kölgə iqtisadiyyatının azalmasına xidmət edir. Fikrimcə, bu dəyişiklik vacibdir. Uzun illərdir ki, ölkədə kirayə bazarının böyük bir hissəsi kölgə iqtisadiyyatı çərçivəsində fəaliyyət göstərir. Bir çox ev sahibləri kirayədən gəlir əldə etsə də, bu gəlirlər bəzən rəsmi şəkildə bəyan edilmir. Nəticədə, dövlət büdcəsi üçün potensial vergi mənbələri itirilir, bazarda isə şəffaflıq azalır. Vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi bu mənada motivasiyaedici mexanizm rolunu oynayır. Daha aşağı vergi dərəcəsi, vətəndaşların gəlirlərini rəsmi şəkildə bəyan etməsini iqtisadi baxımdan sərfəli edir. Bu da həm dövlət üçün əlavə gəlir, həm də bazar üçün daha şəffaf mühit deməkdir. Təklif olunan dəyişikliklərdən biri də agent sisteminin tətbiqidir. Bu sistem vətəndaşlara vergi öhdəliklərini yerinə yetirmək üçün vasitəçi təyin etmək imkanı verir. Yəni ev sahibi öz adından vergiləri ödəmək üçün etibarlı agent seçə bilər. Bu, xüsusilə kirayə gəliri ilə passiv şəkildə məşğul olan şəxslər üçün bürokratik yükü azaldır. Artıq hər bir vətəndaşın mühasibatlıqla və hesabatlarla məşğul olması zəruri deyil. Agent sistemi həm də vergi nəzarətini sadələşdirəcək, çünki bazarda rəsmi uçot aparmaq daha asan olacaq. Bu dəyişikliklər təkcə vergi sisteminə deyil, həm də kirayə bazarının strukturuna təsir göstərəcək. Belə ki, şəffaf bazar formalaşacaq. Rəsmi gəlir bəyan edənlərin sayının artması nəticəsində kirayə qiymətlərinin formalaşması daha balanslı olacaq. Vergi yükünün yüngülləşməsi və inzibati prosedurların sadələşdirilməsi kölgədə qalan əməliyyatların azalmasına gətirib çıxaracaq.Daha çox şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçəcək və nəticədə büdcə gəlirləri artacaq. Rəsmi gəlir bəyan edən və vergi ödəyən vətəndaşların sayı artdıqca, dövlət dəstək mexanizmləri daha ədalətli əsasda qurulacaq.Kirayə dərəcələrinin azaldılması bazarda qısamüddətli adaptasiya dövrü yarada bilər. Qeydiyyata düşmək istəməyən bəzi ev sahibləri üçün yeni qaydalar ilk mərhələdə çətin görünə bilər. Lakin uzunmüddətli perspektivdə bu sistem daha sabit və proqnozlaşdırıla bilən bazar formalaşdıracaq.Eyni zamanda, mülkiyyətçilərin sayı artdıqca, onlar üçün kirayə biznesi rəsmi gəlir mənbəyi kimi daha cəlbedici olacaq. Bu da daşınmaz əmlak sektoruna əlavə investisiya axını gətirə bilər. Beləliklə,  vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi sadəcə vergi siyasətində kiçik texniki dəyişiklik deyil. Bu, kirayə bazarının leqallaşdırılması, vergi mədəniyyətinin yüksəldilməsi və kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılmış ciddi addımdır. Əgər bu islahat ardıcıl və şəffaf şəkildə həyata keçirilərsə, yaxın illərdə həm dövlət, həm sahibkar, həm də kirayəçilər daha sabit, ədalətli və rəqabətqabiliyyətli bazarın üstünlüklərini hiss edəcəklər.Çinarə Ağayeva, 

Biznes məsləhətçi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
demokrat.az

1Mənbələr