AZ

Şanlı Zəfər – Milli qürurumuzun təntənəsi

Bu gün Qüdrətli Azərbaycanın ən yeni tarixinin – şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayan xalqımız böyük coşqu və fəxarət hissləri ilə 8 Noyabr- Şanlı Zəfər qələbəsinin 5-ci ildönümünü qeyd edir. Bütövlüyümüzün, birliyimizin sevincini Qalib Xalq kimi alnımız açıq, başımız dik, iftixarla qeyd edirik və əminliklə söyləyə bilərik ki, müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli, vüqarlı, istiqrarlı olmamışıq.
Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistanı müdrik siyasəti, sərkərdəlik qabiliyyəti və hərbi-siyasi diplomatiyası qarşısında diz çökdürən, çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsini cəmi 44 günə həll edərək xalqımızın 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qəhrəmanlıq tariximizə qızıl hərflərlə Zəfər dastanını yazdı.
Beşinci ildönümünü qeyd etdiyimiz şanlı Zəfərimizin memarı Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyevdir. Bu Zəfər möhtərəm Prezidentimizin qətiyyətli və prinsipial siyasətinin bariz təcəssümüdür. Məhz Ali Baş Komandanımızın siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Bu gün Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda, Şuşada, işğaldan azad olmuş hər bir yerdə dalğalanan müəqəddəs üçrəngli ay-ulduzlu bayrağımız böyük Qələbə dastanının fəxarət və milli-qurur rəmzidir.
Əzəli tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalçılardan azad edilməsi sayəsində Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişdi və bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirdi.
Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi.
Böyük Zəfər vaxtında yaradılmış güclü iqtisadiyyatın, mükəmməl ordu quruculuğunun, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasətin və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyinin təcəssümüdür.
Qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri ilə Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır.
Xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik. Böyük Qəhrəmanlıq dastanını yazmış Vətən övladları heç vaxt unudulmayacaq, xalqımızın qəlbində daim yaşayacaqlar.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “ Bu Qələbə, bu Zəfər bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilərə, qazilərimizə və canlarını qurban vermiş şəhidlərimizə borcluyuq.
Biz döyüş meydanında birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı ləyaqətlə başa vurduq, Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır.”
Ata vəsiyyətini yerinə yetirdiyi üçün Özünü xoşbəxt sayan dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın öz Liderinə sevgisi sonsuzdur. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Prezident İlham Əliyevin Şuşa işğaldan azad olunan gün Fəxri xiyabanda Ulu Öndərin məzarını qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə möhtərəm Prezidentimizin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunur. Bu gün Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilmişdir.
Xalqımız əmindir ki, cənab Prezidentimizin şəxsi nəzarəti və gündəlik qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzur qısa zaman kəsiyində respublikamızın dilbər guşələrindən birinə çevriləcəkdir.
Zəfərimiz, qələbələrimiz mübarək olsun!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev, Tanrı xalqımızı və Prezidentimizi qorusun, Rəşadətli və qüdrətli Azərbaycan Ordusuna eşq olsun, yaşasın Azərbaycan.!

Bəhman Hüseynov
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Seçilən
27
veteninfo.az

1Mənbələr