AZ

Naxçıvanda məhkəmələr mülkiyyət hüququnun tapdanmasını görməzdən gəlir

Naxçıvanın Tumbul kənd sakini Zamir Firdovsi oğlu Məmmədov artıq bir ilə yaxındır ki, öz hüquqlarının bərpası üçün mübarizə aparır. O, dəfələrlə məhkəmə instansiyalarına və sonda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət etsə də, ədalətin bərpa olunmadığını bildirir.

Musavat.com xəbər verir ki, Zamir Məmmədovun şikayətində qeyd olunur ki, 5 fevral 2025-ci il tarixli qətnamə onun işinə ədalətsiz baxılaraq çıxarılıb. Qətnamədən sonra Məhkəmə-Hüquq Şurasına müraciət edən vətəndaşa cavab olaraq məhkəməyə yenidən müraciət etməsi tövsiyə edilib. O, bu göstərişə əsaslanaraq 15 sentyabr 2025-ci ildə Naxçıvan şəhər məhkəməsinə müddətin bərpası üçün müraciət edib. Lakin onun sözlərinə görə, məhkəmə qərarı qüvvədə saxlayıb, müddətin bərpasına razılıq verməyib. Beləliklə, vətəndaş ikinci dəfə ədalətsiz qərarla üzləşdiyini iddia edir: “Sizə müraciət etməyimin heç bir faydası olmadı. Mənim işimə yenidən baxılmadı, ədalət bərpa olunmadı. Xahiş edirəm, ədalətin bərpası üçün göstəriş verəsiniz”, – deyə o, müraciətində qeyd edib. Zamir Məmmədovun mübahisəsi Behruz Ramazan oğlu Nəbiyevlə ilə qonşuluq münasibətlərindən yaranıb. O bildirir ki, qonşunun həyətindən və ya ictimai yoldan su yolu çəkmək mümkündür, lakin qarşı tərəf bunu qəbul etmir və bu məsələ şəxsi ədavətə çevrilib. “O, mənimlə açıqca ədavət aparır, ərazi iddiası ilə çıxış edir”, – deyə vətəndaş bildirir. Ərizə müəllifi maddi imkansızlıq səbəbindən vəkil tuta bilmədiyini də qeyd edir və dövlət tərəfindən hüquqi yardım göstərilməsini xahiş edir: “İmkansızlığım ucbatından vəkil tuta bilmirəm. Ona görə də, dövlət tərəfindən vəkilin verilməsini xahiş edirəm”.

Bu hadisə vətəndaşların regionlarda ədalətə çıxış imkanları məduddur, xüsusilə imkansız vətəndaşlar hələ də ciddi problemlərlə üz-üzədir. Məhkəmələrdə müddətlərin bərpası, işlərin yenidən baxılması kimi prosedurların bəzən formal şəkildə icra olunması insanların hüquqa inamını sarsıdır. Zamir Məmmədovun müraciəti hazırda Məhkəmə-Hüquq Şurasının diqqətindədir. Lakin o, yenə də ümidini itirmir ədalətin bərpa olunacağına inanır. Bildirir ki, Ombudsman Səbinə Əliyevaya muraciət edib. Mülkiyyət huququnun Naxçivan məhkəmələri tərəfindən kobud şəkildə pozulması, həyətyanı torpağının razılığı olmadan 2 yerə bölünməsinə etinasız yanaşılmasını diqqətə çatdırıb. Buna baxmayaraq vəziyyət dəyişməyib. Vətəndaşın mülkiyyət hüququ kobud şəkildə pozulmaqda, məhkəmələlər isə pozuntunu tanımamaqda israrlıdır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
17
11
musavat.com

10Mənbələr