AZ

Məhkəmə “Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucovla bağlı qərar verib

BAKI,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların daha səmərəli təşkili, əməliyyatların daha sürətli həyata keçirilməsi və darboğazların aradan qaldırılması istiqamətində davamlı olaraq işlər görür. Bu məqsədlə tərəfdaşlarla görüşlər keçirilir, müzakirələr aparılır, razılaşmalar əldə edilir, eyni zamanda, infrastrukturun yenidən qurulması istiqamətində iş aparılır.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq ADY-dən bildirilib.

Qeyd edilib ki, hazırda Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin mühüm seqmentlərindən olan Sumqayıt–Yalama dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işləri davam etdirilir.

"Sumqayıt-Yalama dəmir yolu xəttinin layihələndirilməsi işləri tamamlanıb, xəttin birinci və ikinci hissəsi üzrə tikinti-quraşdırma işlərinin 96 faizi tamamlanıb. Həmçinin Şimal-Cənub dəhlizinin mühüm hissələrindən olan Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb. Tikinti işlərinin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır. Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55%-i yerinə yetirilib, xəttin tikinti-quraşdırma işlərinin isə Ələt–Osmanlı hissəsi üzrə 37%-i başa çatıb".

Bildirilib ki, ümumilikdə infrastrukturun yenilənməsi yükdaşıma əməliyyatlarının daha səmərəli və sürətli həyata keçirilməsinə imkan verəcək.

Bir müddət öncə ADY Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas magistral dəmir yolu olan Bakı–Böyük Kəsik xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar-Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işləri başa çatdırıb, bununla da Bakı–Böyük Kəsik magistral dəmiryol xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin olunub.

"Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin artırılmasına, enerji və digər resurslara qənaətə, eləcə də qatarların hərəkət sürətinin artırılmasına gətirib çıxaracaq. Bu, xüsusilə magistral dəmir yolları üçün mühüm üstünlükdür".

Vurğulanıb ki, Bakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqi Orta Dəhliz üzrə yükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərinin artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindən keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bu modernləşmədən birbaşa faydalanacaq.

Məlumatda qeyd edilib ki, Orta Dəhliz üzrə mühüm razılaşmalardan biri bu yaxınlarda Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində əldə edilib. Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri Rövşən Rüstəmov, Talqat Aldıbergenov və Laşa Abaşidze Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca darboğazların aradan qaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.

"Sənədə əsasən, darboğazların aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərinin yenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcə də Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanın gücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davam etdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritet istiqamətlər kimi müəyyən edilib",- qurumdan əlavə olunub.

Seçilən
23
turkic.world

1Mənbələr