AZ

DİM və Qarabağ Dirçəliş Fondu Zəfər Gününə həsr olunan tədbir keçirib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Vətən müharibəsində qazanılan Zəfərin xalqımızın qürur mənbəyinə çevrildiyini söyləyib. O bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət dəstəyi həmişə ön plandadır və onlar daim ölkə rəhbərinin diqqət mərkəzindədirlər. Bu istiqamətdə DİM Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə mənəvi dəstək verir, onların təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərir.

Məleykə Abbaszadə müxtəlif əlillik dərəcəsi olan qazilərə təhsil və karyera istiqamətində irəliləmələri üçün dəstək göstərildiyini qeyd edib: “İmtahanlara hazırlaşan şəhid övladlarına və qazilərə müəyyən vəsaitlər hədiyyə edilir və onların müxtəlif növ sınaq imtahanlarında ödənişsiz iştirakına şərait yaradılır. Qazilər, həmçinin ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunurlar. Bu layihə çərçivəsində 22 qazi artıq ali və orta ixtisas təhsilinə qəbul olunub, 8 nəfər isə təhsilini davam etdirmək üçün kurslara cəlb edilib. Bundan əlavə, şəhid övladları ilə mütəmadi olaraq psixoloji dəstək, maarifləndirici təqdimatlar, erkən peşə seçimi istiqamətində görüşlər təşkil olunur. Bu illər ərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib, onlara 5554 ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmə tapşırıqları” kitabları hədiyyə olunub.

2025-ci ildən etibarən şəhid övladlarının maraq və bacarıqlarını daha dərindən tanımaq məqsədilə hazırlanan “Peşə seçimi” aləti də məhz bu uşaqlara təqdim olunub. Bu prosesə Bakı üzrə 53, regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub”.

DİM rəhbəri qəhrəman əsgər və zabitlərlə bütün Azərbaycanın qürur duyduğunu, Dövlət İmtahan Mərkəzinin döyüşlərdə xüsusi fərqlənən bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunduğunu da diqqətə çatdırıb.

M.Abbaszadə işğaldan azad edilən ərazilərimizin bərpası, yenidən qurulması üçün cəmiyyətin hər bir üzvünün dəstək göstərməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Qarabağın yaşıllaşdırılmasına dəstək vermək üçün Zəfər Günü münasibətilə mərkəzin hər bir əməkdaşının adından Qarabağ Dirçəliş Fonduna ümumilikdə 318 ağacın əkilməsi üçün ianə olunub.

Sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə yaşayış məskənlərinin, tikililərin, infrastrukturun bərpası ilə yanaşı ekoloji tarazlığın bərpasının da xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bu günə qədər bir çox dövlət qurumlarının və şirkətlərin Qarabağ Dirçəliş Fonduna ianə etdiyini diqqətə çatdırıb.

Rəhman Hacıyev bu təşəbbüsün Qarabağda həyata keçirilən yaşıl enerji və yaşıl həyat konsepsiyalarına dəstək olduğunu vurğulayıb. Qeyd edib ki, belə addımlar həm dövlət, həm özəl sektor, həm də cəmiyyət nümayəndələrinin ortaq məsuliyyət və həmrəyliyini nümayiş etdirir.

Seçilən
14
3
azertag.az

5Mənbələr