AZ

ABŞ Avropada Rusiya qazını tam əvəz etməyə hazırdır

ABŞ Avropada Rusiya qazını tam əvəz etməyə hazırdır

Amerika Birləşmiş Ştatları Avropada Rusiya təbii qazını tamamilə əvəz etmək gücünə malikdir.

AFN.az xəbər verir ki, bunu ABŞ enerji naziri Kris Rayt bildirib. Bu fikri o, Afinada keçirilən “Transatlantik Enerji Əməkdaşlığı Tərəfdaşlığı” (P-TEC) konfransında səsləndirib. Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavru ilə müzakirə zamanı Rayt vurğulayıb ki, ABŞ Avropada Rusiyanın qazını tam əvəz etməyə hazırdır: “Yunanıstan ABŞ maye qazı üçün ideal idxal məntəqəsidir”.

Nazirin sözlərinə görə, ABŞ İkinci Dünya müharibəsindən bəri Avropanın etibarlı müttəfiqidir və bu gün dünya hələ də neft, qaz və kömürdən asılıdır: “Alternativ enerji mənbələri axtarılır, lakin hazırda bu resurslar daha ucuz və əlçatandır. Bizim təbii qaz ehtiyatlarımız çoxdur və uyğun infrastruktur yaradılarsa, Avropaya tədarük imkanlarımız genişdir”. Rayt qeyd edib ki, Rusiya qazının Avropadan çıxarılması həyati əhəmiyyət daşıyır. Onun fikrincə, Moskvanın yalnız iki qaz kəməri var – biri Avropaya, digəri Çinə. “Hər kubmetr qaz ki, Avropaya çatmır, torpaqda qalır, çünki Çinlə olan kəmər artıq tam doludur,” – deyə o əlavə edib.

Yunanıstan naziri Papastavru isə enerji əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb: “Avropanın Şimalı və Cənubu arasında enerji qiymətlərində böyük fərq var. İnfrastrukturun və şəbəkələrin möhkəmləndirilməsi üzərində işləyirik, çünki bəzilərində qiymətlər yüksək, digərlərində aşağı olarkən vahid enerji bazarından danışmaq ədalətli deyil”. Rayt cavabında bildirib ki, oxşar vəziyyət ABŞ-da da müşahidə olunur: “Məsələn, Kalliforniya böyük potensiala malik olsa da, yanlış enerji siyasətinə görə ən yüksək elektrik qiymətlərinə sahibdir.” Nazir əlavə edib ki, şist inqilabı ABŞ-ı qaz idxalçısından dünyanın ən böyük ixracatçısına çevirib və amerikan qazının bolluğu hər bir ailənin elektrik xərclərini təxminən 2 min dollar azaldıb. O, çıxışının sonunda nüvə enerjisinin gələcəyi olduğunu, yeni nəsil kiçik və təhlükəsiz reaktor texnologiyalarının inkişafının davam etdirilməsinin vacibliyini də vurğulayıb.

Seçilən
38
afn.az

1Mənbələr