AZ

İnstaqram üstündə yeniyetmələrin mübahisəsi bıçaqlanma ilə sona çatdı

Şəki Ağır Cinayətlər Məhkəməsi 16 yaşlı yeniyetmənin sinif yoldaşı olan digər yeniyetməni bıçaqla yaralaması ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb.

Məhkəmə təqsirləndirilən şəxsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilib və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Lakin cəza şərti olaraq tətbiq olunub və 1 il 6 ay sınaq müddəti müəyyən edilib.

BAKU.WS-in məlumatına görə, hadisə 26 mart 2025-ci ildə Şəki şəhərində baş verib.

Məhkəmə materiallarına görə, 2009-cu il təvəllüdlü Elnur Vəliyev (ad və soyad şərtidir) və zərərçəkmiş Vüqar Xəlilov (ad və soyad şərtidir) əvvəllər bir sinifdə oxuyublar. Münaqişə "Instagram" sosial şəbəkəsində yaranıb. Təqsirləndirilən şəxs sinif yoldaşları olan Səyalının səhifəsinə təqib göndərib, bu da zərərçəkmiş tərəfindən irad tutulub.

Mübahisə Dadaş Bünyadzadə küçəsində başlayıb və sonra Sarabski küçəsindəki keçmiş gübrə zavodunun ərazisində "üç turba" adlanan köhnə tikilidə davam edib. Təqsirləndirilən şəxs evdən mətbəx bıçağı götürərək zərərçəkmişi görüşə çağırıb. Mübahisə zamanı bıçaqla qarın nahiyəsindən bir zərbə vurub, nəticədə zərərçəkmiş qaraciyər, mədəaltı vəzi, diafraqma və mədə zədələri alıb. Məhkəmə-tibbi ekspertiza bu xəsarətləri həyat üçün təhlükəli və sağlamlığa ağır zərər kimi qiymətləndirib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəni təsdiq edib və əməlini etiraf edib. O, zərərçəkmişdən üzr istəməsini tələb etdiyini, lakin imtina ilə qarşılaşdıqdan sonra əsəbləşərək bıçaq vurduğunu bildirib. Zərərçəkmiş isə məhkəmədə hadisəni təsvir edərək, təqsirləndirilən şəxslə barışdığını və heç bir şikayətinin olmadığını qeyd edib.

Şahidlər (dostlar və qonşular) ifadələrində münaqişənin sosial şəbəkədəki təqibdən qaynaqlandığını təsdiq ediblər. Məhkəmə, psixoloji ekspertizaların nəticələrini də nəzərə alıb: təqsirləndirilən şəxs cinayət zamanı anlaqlı olub, lakin emosional stress keçirib. O, əvvəllər məhkum olunmayıb, müsbət xasiyyətnamələrə malikdir və ilk dəfə cinayət törədib.

Seçilən
10
1
far.az

2Mənbələr