AZ

Donald Tramp: Şatdaun ABŞ iqtisadiyyatına zərər verməyəcək  

ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən biznes forumunda bildirib ki, şatdaun ABŞ iqtisadiyyatına zərər verməyəcək. 

"Hazırda o qədər güclüyük ki, düşünmürəm  nə  isə bizə zərər verə bilsin", - deyə Amerika lideri vurğulayıb.

Lakin Tramp etiraf edib ki, işsiz və maaşsız insanlara qayğı göstərmək üçün hökumətin yenidən açılması "xoş" olardı.

Senatdakı demokratlardan ibarət bir qrup və bir neçə respublikaçı hökumətin işinin bərpasına səbəb ola biləcək razılaşma üzrə intensiv danışıqları davam etdirirlər.

Bundan əvvəl ABŞ Prezidenti 4 noyabrda bir neçə ştatda və Nyu-Yorkda keçirilən qubernator seçkilərində respublikaçıların məğlubiyyətinə səbəb olan şatdaunu günahlandırmışdı. 

Məlum olduğu kimi,  oktyabrın 1-də ABŞ hökumət qurumları müvəqqəti olaraq fəaliyyətini dayandırıb, çünki Konqres onların maliyyələşdirilməsini uzatmaq üçün qanun layihəsi üzərində razılığa gələ bilməyib. Dövlət işçiləri maaşsız qalıb, milyonlarla amerikalı isə vacib xidmətlərdən məhrum olub.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
27
azerbaijan-news.az

1Mənbələr