Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabr ayı Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün əlamətdar tarixlərə həsr olunmuş maarifləndirici və bədii tədbirlərlə yadda qalacaq. Bu proqramlar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, gənc nəslin milli və mənəvi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, onların intellektual və yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədini daşıyır. Tədbirlər uşaqlarda vətənə, torpağa və el-obaya sevgi hissini aşılayır, ölkəmizin tarixini, müstəqilliyini və suverenliyini təbliğ edir. Eyni zamanda, bu fəaliyyətlər ölkəmizin keşiyində mətin dayanan, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin və qazilərimizin, eləcə də onların ailələrinin xatirəsinə dərin ehtiramın ifadəsidir. Beləliklə, noyabr ayı ərzində keçiriləcək tədbirlər həm əyləncəli, həm də maarifləndirici xarakter daşıyır və uşaqların milli dəyərlər və tariximizlə yaxından tanış olmasına xidmət edir.
Bunu AZƏRTAC-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, muzeyin direktoru Şirin Məlikova deyib.
Bildirilib ki, noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə “Xalqın Zəfəri” adlı konsert proqramı keçiriləcək. 8 Noyabr– Zəfər Günündə “5 illik Zəfər Salnaməsi” adlı mühazirə, “Xarıbülbül” təsvirinə həsr olunmuş ustad dərsi və tematik ekskursiya təşkil olunacaq. Həmçinin 9 Noyabr – Dövlət Bayrağı Günündə uşaqlar “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda mühazirəni dinləyəcək, “Dövlət rəmzləri – Gerb və Bayraq” adlı ustad dərsində iştirak edəcək və tematik ekskursiyada ölkəmizin dövlət atributları ilə yaxından tanış olacaqlar.
Noyabrın 13-də isə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi və Sosial Xidmət Mərkəzlərinin “Parla” inklüziv mədəni kollektivinin birgə təşkilatçılığı ilə “Zəfərin səsi – Qələbənin nəğməsi” adlı konsert təqdim ediləcək. Tədbir Vətən müharibəsində qazanılmış şanlı Qələbəyə, həmçinin qəhrəman şəhid və qazilərimizin əziz xatirəsinə həsr olunacaq.
Qeyd edilib ki, Azərbaycan Milli İncəsənət Muzeyində 17 Noyabr – Milli Dirçəliş Günündə “Milli Dirçəliş” mövzusunda mühazirə, “Dövlət rəmzləri – Gerb və Bayraq” adlı ustad dərsi və tematik ekskursiya keçiriləcək.
Bu proqramlar uşaqların bilik və yaradıcılıq potensialını artırmaqla yanaşı, onlarda milli dəyərlər, tarixə və qəhrəmanlıq salnaməmizə dərin hörmət hissinin formalaşmasına xidmət edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.