AZ

5 il öncə bu gün şəhid olan təhsil işçisi - Rəvan Lətifov... FOTO

Azərbaycan xalqı bu il 44 günlük Vətən müharibəsinin beşinci ildönümünü qürurla yad edir. Bu Zəfər igid oğullarımızın qanı, canı bahasına qazanıldı. Onlardan biri də təhsil işçisi, şəhid Rəvan Ömür oğlu Lətifovdur.

AzEdu.az xəbər verir ki, Rəvan Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Atası Ömür müəllim meşə təsərrüfatı üzrə mütəxəssis, anası Gültəkin xanım isə müəllimə idi. Bir qardaşı və iki bacısı olan Rəvan ailəsinin ən təvazökar, mehriban övladı kimi böyüyüb. 
2008-ci ildə V.İbrahimov adına Xaçmaz kənd tam orta məktəbini bitirib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına qəbul olub. Təhsilini başa vurduqdan sonra Sincan kənd tam orta məktəbində təşkilatçı vəzifəsində çalışıb.

2016-cı ildə ailə həyatı qurub və bir övladı dünyaya gəlib. O, həm övladına qayğıkeş ata, həm də ailə dəyərlərinə sadiq insan kimi tanınıb.

2020-ci il sentyabrın 29-da o da minlərlə gənc kimi Vətən uğrunda ordu sıralarına qoşuldu. Gəncədə keçirilən intensiv təlimlərdən sonra Qarabağ döyüşlərinə yollandı. Fizulinin İkinci Mahmudlu kəndinin azad olunmasında, ardınca Şuşa uğrunda aparılan gərgin döyüşlərdə iştirak etdi. 6 noyabr 2020-ci ildə Daşaltı-Şuşa istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid oldu. 16 noyabrda doğulduğu kənddə - Xaçmaz Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Göstərdiyi şücaətə görə Rəvan Lətifov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu gün Şuşada dalğalanan bayraq, Qarabağın azad nəfəsi - məhz Rəvan kimilərin əmanətidir. Onlar yalnız torpaqları deyil, milli ruhu da qoruyub yaşatdılar. Rəvan Lətifov adı bu xalqın yaddaşında şəhid olan qəhrəman təhsil işçisi kimi daim yaşayacaq.

Seçilən
31
azedu.az

1Mənbələr