Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14%-dən 10%-ə endirilir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov deyib.
“Artıq kirayə bazarlarında iki istiqamətdə tədbir nəzərdə tutulub. Birincisi, vətəndaşların özü vergi uçotuna durmaq istəmir, ancaq gəlirlərindən vergi vermək istəyir. Qanunda şərait yaradılır ki, özləri agent təyin etsinlər, vergilərini bu agentlər vasitəsi ilə yerinə yetirsinlər. İkinci addım isə məhz kirayə gəlirləri üzrə vergi dərəcəsinin azaldılması ilə bağlıdır. Yəni vergi dərəcələri 14%-dən 10%-ə endirilir. Təklif kirayə bazarının stimullaşdırılmasına xidmət edir”, - deyə Nicat İmanov bildirib.
© APA