Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində gəlirlərin 78 faizi qeyri-neft-qaz, 21 faizi isə neft-qaz sektorundan proqnozlaşdırılır. İlk baxışdan bu göstəricilər ölkənin büdcə strukturunda neftdən asılılığın azaldığını göstərir. Lakin daha dərindən baxdıqda aydın olur ki, rəqəmlərin yaratdığı təəssürat tam reallığı əks etdirmir. Büdcə gəlirlərinin formal tərkibi ilə iqtisadi asılılığın real dərinliyi arasında ciddi fərq qalmaqdadır.
Rəsmi sənədlərdə neft-qaz sektorundan daxilolmalar cəmi 21 faiz göstərilsə də, bu göstərici yalnız birbaşa mənbələri, yəni neft satışından, hasilat vergilərindən və neft şirkətlərinin mənfəət ödənişlərindən daxil olan vəsaitləri əhatə edir. Amma büdcənin mühüm hissəsi hələ də dolayı yolla, yəni neftdən əldə edilən valyutanın və investisiyanın iqtisadiyyata ötürülməsi hesabına formalaşır.
Məsələn, Dövlət Neft Fondundan büdcəyə edilən transfertlər, neft gəlirlərindən maliyyələşən infrastruktur layihələri və bu layihələrdə çalışan müəssisələrin vergi ödənişləri formal olaraq “qeyri-neft gəliri” kimi göstərilir. Lakin bu gəlirlər də öz mənşəyinə görə neft bazarındakı vəziyyətdən asılıdır. Eyni zamanda, dövlətin iri enerji infrastrukturuna - elektrik stansiyalarına, qazla işləyən İES-lərə və istilik sistemlərinə yönəltdiyi vəsaitlərdən əldə edilən gəlirlər də “qeyri-neft sektoruna aid” kimi təqdim edilir. Halbuki, həmin müəssisələrin xammalı - təbii qaz və mazut - tam şəkildə neft-qaz sektorunun məhsuludur.
Bu mexanizm başqa sahələrdə də özünü göstərir. Məsələn, neft gəlirləri hesabına tikilmiş yolların, körpülərin və logistika mərkəzlərinin istifadəsindən toplanan rüsumlar və icarə haqları qeyri-neft gəliri kimi büdcəyə daxil edilir. Eyni zamanda, neft pulları ilə maliyyələşən iri dövlət layihələrində çalışan podrat və subpodrat şirkətləri qeyri-neft sahəsində fəaliyyət göstərsələr də, onların qazancı əslində neftin gətirdiyi investisiya axınından formalaşır.
İxrac gömrük rüsumlarının da bir hissəsi dolayı şəkildə neftdən qaynaqlanır. Çünki neft sektorunun valyuta gəlirləri manatın məzənnəsini sabit saxlayır, bu da idxal mallarının ucuzlaşmasına və vergi bazasının genişlənməsinə səbəb olur.
Beləliklə, dövlətin qeyri-neft sahəsindən yığdığı ƏDV və aksizlərin bir qismi də valyuta bazarına daxil olan neft pullarının yaratdığı süni sabitlik nəticəsində artır.
Sadə iqtisadi hesablamaya əsasən, əgər büdcənin 78 faizlik qeyri-neft hissəsinin 35 faizi dolayı şəkildə neft gəlirlərindən asılıdırsa, ümumi “effektiv neft asılılığı” təxminən 40 faiz təşkil edir. Əgər bu dolayısı asılılıq 50 faizə çatarsa, büdcə faktiki olaraq 60 faizi neftdən və qazdan asılı vəziyyətdə qalır. Bu isə o deməkdir ki, formal qeyri-neft gəlirləri artmış görünsə də, iqtisadiyyatın strukturunda neftdən qidalanan maliyyə axınları hələ də aparıcı rol oynayır.
Son illərdə qeyri-neft gəlirlərinin artımı əsasən vergi inzibatçılığının güclənməsi, ƏDV və aksiz dərəcələrinin qaldırılması, elektron nəzarət sistemlərinin genişlənməsi kimi inzibati tədbirlərlə izah olunur. Bu, büdcəyə sabitlik gətirsə də, real sektorun şaxələnməsini tam təmin etmir. Əgər qeyri-neft gəlirlərinin artımı istehsal, ixrac və texnoloji yeniliklər hesabına deyil, yalnız vergi yükünün və nəzarətin artması nəticəsində baş verirsə, bu, davamlı iqtisadi müstəqillik deyil, müvəqqəti büdcə sabitliyi yaradır.
Neft gəlirləri dünya bazar qiymətlərinə birbaşa bağlıdır. Qiymətlərin azalması və ya ixracda hər hansı məhdudiyyət yaranması büdcənin həm birbaşa, həm də dolayı gəlirlərinə mənfi təsir göstərir. Bu baxımdan, hətta 21 faizlik rəsmi payla belə, büdcə sabitliyi hələ də neftin qiymət trayektoriyasından asılıdır. Büdcənin neftdən qidalanan bu strukturu, iqtisadiyyatın qeyri-neft seqmentində real istehsal gücü formalaşmadığı halda, uzunmüddətli dövrdə fiskal risq yarada bilər. Çünki neft qiymətlərinin dəyişməsi həm gəlirləri azaldır, həm də dövlət xərclərini balanssız vəziyyətə gətirir.
Bununla belə, müsbət məqam ondan ibarətdir ki, Azərbaycan artıq neft gəlirlərinin idarə olunmasında əvvəlki illərlə müqayisədə daha rasional siyasət yürüdür. Dövlət Neft Fondu və Maliyyə Nazirliyi arasında koordinasiya mexanizmləri güclənib, gəlir-xərc balansında neft qiymətləri üzrə ehtiyatlı proqnoz metodologiyası tətbiq edilir. Lakin neftdən asılılığın real azalması üçün təkcə fiskal idarəetmə deyil, həm də iqtisadi struktur islahatları vacibdir. Qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan istehsal sahələri, ixrac yönümlü sənaye və texnologiya klasterləri formalaşmadan bu asılılıq mahiyyət etibarilə qalacaq.
Azərbaycanın dövlət büdcəsi artıq əvvəlki illərlə müqayisədə neft gəlirlərindən daha balanslı şəkildə formalaşır, lakin bu, hələ tam azadlıq demək deyil. 78 faiz qeyri-neft gəliri rəqəmi real şaxələnmənin deyil, daha çox büdcə strukturunun formal yenilənməsinin göstəricisidir. Neftdən asılılığın həqiqi azalması üçün isə Dövlət Neft Fondundan transfertlərin payı tədricən azaldılmalı, qeyri-neft sektorunda ixrac və istehsal stimullaşdırılmalı, yeni vergi gəlirləri (məsələn, 2026-cı ildən tətbiq ediləcək gəlir vergisi) sosial və innovativ investisiyalara yönəldilməlidir, büdcə sənədlərində birbaşa və dolayı neft gəlirlərinin payı ayrıca və şəffaf şəkildə göstərilməlidir. Məsələn, İES-lərdə qaz və mazutdan alınan elektrik enerjisi satışından əldə edilən gəlir, “SOCAR Polymer” və “SOCAR Carbamide” kimi müəssisələrin məhsul ixracı və hətta SOCAR-ın ödədiyi mənfəət vergisi qeyri-neft sektoruna aid kimi təqdim edilir. Halbuki,bu gəlirlərin hamısı neft-qaz hasilatından və onun törəmə məhsullarından qaynaqlanır.
Beləliklə, Azərbaycan neft gəlirlərindən qurtulmaq deyil, onlardan asılılığı idarə olunan səviyyəyə endirmək mərhələsinə daxil olub. Lakin bu prosesin uğuru yalnız fiskal deyil, həm də struktur və institusional islahatların davam etdirilməsindən asılı olacaq.
Qeyri-neft gəliri kimi təqdim olunan, lakin faktiki olaraq neft mənbələrindən qidalanan büdcə maddələrinin bir neçə nümunəsini təqdim edirik:
- Dövlət Neft Fondundan transfertlər - formal olaraq “maliyyə əməliyyatlarından gəlir” kimi qeyd olunur, lakin 100% neft satışından formalaşır.
- SOCAR və onun törəmə müəssisələrinin (SOCAR Polymer, SOCAR Methanol, Carbamide və s.) mənfəət vergiləri - sənaye sektoru kimi təsnif edilir, amma bütün xammalı neft və qaz mənşəlidir.
- İES-lərdə qaz və mazutla istehsal olunan elektrik enerjisinin satışından daxilolmalar – enerji sektoru adı altında qeyri-neft gəliri kimi göstərilir.
- Neft gəlirləri hesabına tikilmiş infrastruktur layihələrində fəaliyyət göstərən şirkətlərin vergi və sosial ödənişləri – real olaraq neft investisiyasından qidalanır.
- Neft sektorunun ixracından əldə edilən valyutanın yaratdığı sabit məzənnə nəticəsində artan ƏDV və aksizlər - dolayı şəkildə neftdən asılı gəlir mənbəyidir.
- SOCAR Trading və SOCAR Marketing vasitəsilə satılan neft-kimya məhsullarından daxilolmalar – “emal sənayesi” adı ilə qeyri-neft bölməsində yer alır.
- Neftlə əlaqəli logistika və nəqliyyat xidmətlərindən (Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk və s.) əldə edilən tranzit haqları – nəqliyyat sektoru gəliri kimi göstərilsə də, mənbə neft daşımasıdır.
- Neftlə işləyən istilik sistemləri və istilik enerji satışı üzrə dövlət müəssisələrinin gəlirləri – “kommunal xidmətlər” kimi qeyri-neft bölməsində yer alır.
Bu maddələrin payı yuxarıda göstərilən 78%-lik "qeyri-neft gəlir"inin təxminən 35%-ni təşkiledir. Lakin bunlar hələ hamısı deyil. Deməli, səthi hesabatla bəlli olur ki, bu gün Azərbaycanın dövlət büdcəsinin ən azı 56%-i (21%+35%) neft-qaz sektorundan asılıdır.
Akif NƏSİRLİ