AZ

İran və Hindistan Çabahar üzərindən yeni dəmir yolu marşrutu yaratmağı planlayır

Layihə regionda ticarət əlaqələrini gücləndirəcək və “Şimal-Cənub” dəhlizinin potensialını artıracaq...

Poliqon xəbər verir ki, İran və Hindistan arasında Çabahar limanı vasitəsilə dəmir yolu əlaqəsinin yaradılması istiqamətində danışıqlar intensivləşib. Tehran Times məşrinin məlumatına görə, İran Dəmir Yollarının rəhbəri Miad Zakəri və Hindistanın İrandakı səfiri Rudra Gaurav Şresta bu məqsədlə görüş keçiriblər.

Görüş zamanı tərəflər Əfqanıstan və Hindistanı birləşdirəcək yeni nəqliyyat marşrutunun yaradılmasının logistika və ticarət baxımından əhəmiyyətini vurğulayıblar. Yeni xəttin istismara verilməsi yükdaşımaların həm məsafəsini, həm də müddətini əhəmiyyətli dərəcədə azaldacaq.

Zakəri bildirib ki, Çabahar limanı yaxın illərdə regionun əsas tranzit mərkəzinə çevriləcək. Onun sözlərinə görə, Mumbay-Çabahar xətti üzrə dəniz və dəmir yolu daşımalarının inteqrasiyası “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükaşırmanı kəskin şəkildə artıracaq.

O, həmçinin qeyd edib ki, Çabahar-Zahidan dəmir yolu xətti artıq yekun mərhələdədir: “Layihə yarım il ərzində tamamlanacaq və üç aydan sonra istismara veriləcək. Bu addım Çabaharın regional nəqliyyat qovşağı kimi potensialını tam açacaq”.

Ekspertlərin fikrincə, bu layihə İran, Hindistan və Əfqanıstan arasında ticarət əlaqələrinin dərinləşməsinə, həmçinin Mərkəzi Asiya ölkələrinin Hind okeanına çıxış imkanlarının genişlənməsinə xidmət edəcək.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr