AZ

Zəfər Günü Nizami rayonunda da qeyd edildi - Fotolar

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib.

“Bakuinfo” xəbər verir ki, “Şanlı Zəfər – milli qürurumuzun təntənəsi” adlı ümumrayon tədbirində millət vəkilləri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və gənclər iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zəfər Gününə həsr olunmuş video-film nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Səbinə Xasayeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyib, qəhrəmanlıq dastanını yazmış Vətən övladlarının heç vaxt unudulmayacaqlarını, xalqımızın qəlbində daim yaşayacaqlarını bildiriblər.

Qeyd olunub ki, bu gün xalqımız böyük coşqu və fəxarət hissləri ilə 8 Noyabr – Şanlı Zəfər qələbəsinin 5-ci ildönümünü qeyd edir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, sərkərdəlik məharəti, hərbi-siyasi diplomatiyası və Azərbaycan Ordusunun şücaəti sayəsində Vətən müharibəsində qəhrəmanlıq tariximizə qızıl hərflərlə Zəfər dastanı yazıldı, uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan ordusu məğlub edildi, çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Dünyaya səs salan tarixi Zəfərimizlə qalib Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişdi. Bu gün regionun ən güclü və qüdrətli ölkəsi olan Azərbaycan dünyanın siyasi arenasında xüsusi nüfuza malikdir, qlobal məsələlərin həllində əsas söz sahiblərindən biridir.

Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Prezidentin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra olunur. Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilib.

Tədbirin sonunda bayram konsert proqramı nümayiş olunub, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Orkestrinin və tanınmış incəsənət nümayəndələrinin milli-vətənpərvərlik mövzularında çıxışları dinlənilib.

 

Seçilən
7
3
bakuinfo.net

4Mənbələr