AZ

Balakənin məhbus icra başçısı İslam Rzayev özünü bütün cinayətlərdə təqsirli bildi...


Elşad Həsənov: “Sabiq icra başçısının indiki halda təqsirsizliyini sübut edəcək dəlili yoxdur, əksinə, DTX-nın əlində təkzibolunmaz faktlar, sənədlər var ki...”

Balakənin həbs edilən keçmiş icra başçısı İslam Rzayev apellyasiya şikayəti verməkdən imtina edib. Mətbuatda yayılan məlumata görə, bu barədə keçmiş icra başçısının hüquqlarını müdafiə edən vəkil Elvin Əliyev məlumat verib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.

Ona 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sabiq İcra başçısı apellyasiya şikayəti verməkdən niyə imtina etdi? Özünü ittiham üzrə tam təqsirli bildiyi üçün, ya sadəcə gediş edir?

“O aydın şəkildə başa düşür ki, artıq qanun qarşısında cavab verməlidir”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə təəssüflə bildirdi ki, Azərbaycanda icra başçılarının böyük əksəriyyəti onlara göstərilən yüksək etimadı doğrultmur. “Həm ölkə başçısının, həm də işlədikləri rayonların əhalisinin etimadını doğrultmurlar. Onlar çox neqativ hərəkətlərə yol verirlər, qısa zamanda varlanmağa çalışırlar, necə deyərlər, ancaq və ancaq rüşvətxorluqla və mənimsəmə ilə məşğul olurlar. Səhv etmirəmsə, artıq 6-cı icra başçısıdır ki, rüşvətə və külli miqdarda mənimsəməyə görə həbs olunur. Buna görə də Balakənin sabiq icra başçısı apellyasiya məhkəməsinə şikayətdən imtina edib. Burda məqsəd nədir, niyə imtina edib? Çünkitəqsirləndirilən şəxs apellyasiya məhkəməsinə müraciət edəndə özünün təqsirsiz olmasını sübut etməlidir. Ancaq sabiq icra başçısının indiki halda təqsirsizliyini sübut edəcək dəlili yoxdur, əksinə, DTX-nın əlində təkzibolunmaz faktlar, sənədlər var ki, orda Rzayevin uzun müddət dövlət büdcəsinin vəsaitlərini mənimsəməsi ilə bağlı məsələlər əksini tapıb. O, rüşvət alıb, bu da konkret faktlarla təsdiq olunub. Ona görə də, o, apellyasiya şikayəti verməyib, necə deyərlər, verməyə üzü də yoxdur. Burda heç bir gedişdən söhbət getmir. O, aydın şəkildə başa düşür ki, artıq qanun qarşısında cavab verməlidir. Bir daha təəssüflə qeyd edirəm, bu gün icra başçıları işləyənlərin böyük əksəriyyəti belə işlərlə məşğuldur, onların arasında saf, təmiz adamlar çox azdır. Bu da onu göstərir ki, Azərbaycan Prezidenti haqlı olaraq belələrinə qarşı ciddi mübarizə aparır, onları vəzifəsindən azad edir”.

E.Həsənov hesab edir ki, icra hakimiyyəti institutu özünü doğrultmadığına görə, məhz Azərbaycan Prezidentinin irəli sürdüyü zonalar üzrə sistemi yaranmalıdır. “Təsəvvür edin, bir neçə ay əvvəl Qaxın icra başçısı həbs olundu. Amma digər qonşu rayonların icra başçıları öz əvvəlki vəzifələrindədirlər. Yəni bunlar “gözü çıxan qardaşından” ibrət dərsi götürmür. Təəssüf ki, bu, bu gün də davam edir”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
34
baki-xeber.com

1Mənbələr