AZ

Ermənistan bu silahlanmanı uzun müddət davam etdirə bilməz Hərbi ekspert

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan 2023-2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox məbləğdə silah tədarükü haqqında müqavilə bağlayıb. Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda deyilib.

“Yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi yalnız müdafiə xarakteri daşıyıb. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması erməni tərəfdaşlarla daha sıx əlaqələrin qurulmasına və əməkdaşlığın optimal formatlarının müəyyənləşdirilməsinə imkan verəcək”, - məlumatda qeyd olunub.

Bəs Fransa tərəfindən Ermənistanın silahlanmasına zərurət varmı, yoxsa siyasi bir mesaj daşıyır?

Hərbi ekspert Azad İsazadə məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistanın üçün belə bir müqaviləyə hərbi zərurət var:

"Söhbət o zərurətin həcmindən gedir. Sözsüz ki, 274 milyonluq hansısa avadanlıq Ermənistanın böyük silah tələbatını tam ödəyə bilməyəcək. Amma istisna etmirik ki, bu, ilkin bir aksiyadır və bunun ardınca daha böyük kontraktlar gələcək. Silahın - istər ölkə daxilində istehsalından, istərsə də xaricdən alınıb idxal edilməsindən - arxasında sözsüz ki, siyasi mesajlar da durur. İlk mesaj odur ki, biz öz müdafiəmizi qururuq, bizdə silah var və lazım olsa silahlı cavab verə bilərik".

Onun sözlərinə görə, Ermənistan silahlanırsa, Azərbaycan çoxdan silahlanmağa başlayıb.

"Hər iki ölkənin silahlanma prosesinin güclənməsi dövlətlər üçün iqtisadi zərbə deyil, iqtisadi gərginlik yaradacaq. Hələ bilinmir ki, bu silahlanmanın nəticəsində kimin iqtisadiyyatı daha tez zərər görəcək. Sözsüz ki, Ermənistan bu silahlanmanı uzun müddət davam etdirə bilməz. Aydındır ki, söhbət təkcə silahdan getmir - insan resurslarının, dövlətin strateji resurslarının, hərbi-strateji resursların keyfiyyətindən və həcmindən də gedir.

Real vəziyyət belədir ki, nə yalnız hücum üçün nəzərdə tutulmuş, nə də yalnız müdafiə üçün nəzərdə tutulmuş silah var. Hər bir silah həm hücumda, həm də müdafiədə istifadə oluna bilər; sadəcə onun effektivliyi istifadənin xüsusiyyətlərindən asılıdır. Bəzi silahlar müdafiədə daha təsirli olur, amma praktikada müdafiə xarakterli adlandırılan silahlar da geniş hücum əməliyyatlarında istifadə olunur. Bu səbəbdən “müdafiə xarakterli silah” ifadəsi çox vaxt siyasi bəyanat funksiyası da daşıyır. Silah həmişə silahdır - onu həm müdafiədə, həm də hücumda istifadə etmək mümkündür; bunu biz 44 günlük müharibədə, eləcə də Rusiya-Ukrayna münaqişəsində görmüşük", - deyə Azad İsazadə qeyd etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
redaktor.az

2Mənbələr