AZ

Davamlı stress xərçəng yaradır - Təsdiqləndi

Uzunmüddətli stress orqanizmin müdafiə sistemini zəiflədir və immun hüceyrələrin xərçəng ocaqlarını tanımaq qabiliyyətini azaldır.

Milli.Az xəbər verir ki, bunu Skandinaviya Sağlamlıq Mərkəzinin onkoloqu Sergey İvanov bildirib. Onun sözlərinə görə bu vəziyyət mikroskopik şişlərin sürətlə böyüməsinə şərait yaradır.

"Xroniki stress zamanı orqanizmdə kortizol hormonu davamlı şəkildə yüksək olur. Bu hormon T-hüceyrələrin və təbii killerlərin fəaliyyətini bloklayır. Həmin hüceyrələr infeksiyalara qarşı mübarizə aparmaqla yanaşı, bədəndə zədələnmiş və mutasiyaya uğramış hüceyrələri də məhv edir. Stress həftələrlə və ya aylarla davam etdikdə, bu müdafiə mexanizmi zəifləyir və nəticədə mikroskopik şişlər böyüməyə başlayır.

İvanov qeyd edib ki, stress hormonlarının çoxluğu bədəndə zəif səviyyəli iltihaba və xroniki yorğunluğa səbəb olur. Bu da immun sistemin işini daha da çətinləşdirir.

Onkoloq deyib ki, bu vəziyyətin qarşısını almaq üçün sinir sisteminin gərginliyini azaltmaq vacibdir. Bunun üçün gün ərzində qısa fasilələr vermək, təmiz havada gəzmək, yüngül fiziki fəaliyyətlə məşğul olmaq, nəfəs məşqləri etmək və balanslı qidalanmaq tövsiyə olunur. Xüsusilə D vitamini, maqnezium və zülalın orqanizmdə kifayət qədər olması sinir və immun sisteminin sabitliyinə kömək edir.

Mütəxəssis yatma və oyanma rejiminin sabit olmasının da mühüm rol oynadığını vurğulayıb. Altı saatdan az yuxu bədənin qoruyucu zülallarının azalmasına və kortizolun artmasına səbəb olur. Optimal nəticə üçün gündə ən azı yeddi saat yuxu məsləhət görülür.

İvanov sonda əlavə edib ki, əgər uzunmüddətli yorğunluq, yuxu pozğunluğu və ya təzyiq dəyişiklikləri müşahidə olunursa, həkimə müraciət etmək lazımdır. Tibbi müayinə hormon balansını yoxlamağa və bədənin bərpası üçün düzgün proqram seçməyə kömək edəcək.

İsmayıl
Milli.Az

Seçilən
22
5
milli.az

6Mənbələr