AZ

Professor İrfan Ərdoğan Pedaqoji Universitetin əməkdaşları üçün ustad dərsi keçib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də akademik heyətin peşəkar inkişafını dəstəkləmək məqsədilə Türkiyəli alim, Boğaziçi Universitetinin professoru İrfan Ərdoğanın Təhsil menecmenti kafedrasının əməkdaşları üçün ustad dərsi təşkil olunub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Ustad dərsindən əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov professor İrfan Ərdoğan ilə görüş. Görüşdə təhsilin təşkili və idarə olunması üzrə fikir mübadiləsi aparılıb.

Sonra görüş ADPU-nun Təhsil menecmenti kafedrasında davam etdirilib. Kafedra müdiri dosent İsrayıl İsgəndərov qonağa kafedranın fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, kafedra tərəfindən magistratura səviyyəsində təhsilin idarə olunması ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir.

Daha sonra professor İrfan Ərdoğan “Qlobal təhsil çağırışları” mövzusunda ustad dərsi keçib. Türkiyəli professor çıxışında qeyd edib ki, sürətli inkişaf dövründə hər şeyin dinamik dəyişməsi ilə təhsil və xüsusən təhsilin idarə olunması sahəsində, tədris planlarında aparılan dəyişikliklərdə bir neçə təməl məsələlərə diqqət ayrılmalıdır. Bunlardan ən önəmlisi digər sahələrə nisbətdə dəyişikliyə daha az açıq olan təhsil və təhsil idarəçiliyi elminin nəzəri əsaslarının yetərincə tədris olunmasıdır.

Ustad dərsi kafedranın müəllimlərini maraqlandıran sualların müzakirəsi ilə davam etdirilib.

 

 

Seçilən
33
2
azertag.az

3Mənbələr