AZ

Serbiyada Zəfər Günü qeyd edilib

Belqrad, 6 noyabr, AZƏRTAC

Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç, əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Militsa Djurdjeviç Stamenkovski, informasiya və telekommunikasiya naziri Boris Bratina, beynəlxalq iqtisadi əməkdaşlıq və kilsənin ölkədə və xaricdə sosial mövqeyinə cavabdeh olan portfelsiz nazir Nenad Popoviç, Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç iştirak ediblər. Həmçinin Mədən və Energetika, İqtisadiyyat, Ailə Rifahı və Demoqrafiya, Tikinti, Nəqliyyat və İnfrastruktur, Mədəniyyət, Ətraf Mühitin Mühafizəsi nazirliklərinin dövlət katibləri, digər yüksəkrütbəli dövlət və hökumət rəsmiləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz tədbirə qatılıblar.

Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Ulduzunu tap” uşaq xoru tərəfindən hər iki ölkənin Dövlət himnləri ifa olunub.

Daha sonra səfir Kamil Xasiyev çıxış edərək Azərbaycanın işğaldan azad olunmuş şəhəri Şuşanın xalqımız üçün mühüm mədəni və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa edilib. İşğaldan azad edilmiş ərazilərdə son beş il ərzində genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, yeni yollar, hava limanları, məktəblər və ictimai binalar inşa olunur, on minlərlə məcburi köçkün doğma torpaqlarına qayıdır.

K.Xasiyev bildirib ki, hərbi əməliyyatların başa çatmasından dərhal sonra Azərbaycan beynəlxalq hüququn prinsiplərinə — suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla ikitərəfli münasibətlərin qurulmasını və sülh sazişinin imzalanmasını təklif edib.

Qəbulda Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb və Serbiya Prezidenti Aleksandar Vuçiçin gələn il Bakıya gözlənilən səfərinin iki ölkə arasındakı əməkdaşlığa yeni təkan verəcəyinə inam ifadə olunub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Serbiya Respublikasındakı hərbi attaşesinin baş köməkçisi kapitan Cəfər Məmmədov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı və dövlətinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin parlaq təcəssümü, həmçinin milli birliyin və qürurun rəmzidir.

Tədbir çərçivəsində Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Milli Teatrının prima sopranosu Yasmina Trumbetaş Petroviç dünyaşöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısını səsləndirib.

Sonda Zəfər Günü münasibətilə xalqın qəhrəmanlığını və birliyini, işğaldan azad olunmuş bölgələrdə aparılan yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

 

Seçilən
1
1
azertag.az

2Mənbələr